Harvardlı alim “Yeni çağırışlar” proqramında təcrübələrini bölüşüb

Martın 8-də “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner öz təcrübələrini bölüşüb.

 

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılıb.

 

Proqramda Harvardlı alim Toni Vaqner səriştə əsaslı təhsilin vacibliyini diqqətə çatdıraraq bu günün və gələcəyin əsas bacarıqlarını 7 başlıqda təqdim edib: Tənqidi düşüncə və problem həll etmə, müxtəlif qruplarla əməkdaşlıq  və onlara təsir etmə, çeviklik və adaptasiya, təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatın əldə edilməsi və onun təhlili, xəyal etmə və kəşf marağı. Bununla yanaşı, alim əlavə edib ki, sual vermək və hesabatlılıq bacarığının formalaşdırılması da təhsilin əsas məqsədini təşkil etməlidir. Hər şeyi bilən yox, bildiyini tətbiq edən yetişdirilməlidir. Bu bacarıqlar fəal vətəndaşlığın əsas sütunudur. Süni intellektin təhsildə fərdiləşməni daha da inkişaf etdirəcəyini vurğulayan qonaq təhsil alanlar üçün rəqəmsal portfelin hazırlanmasının əhəmiyyətini də xüsusi qeyd edib.

 

Qeyd edək ki, “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

 

 



09.03.2021 | 18:11