“Qarabağın memarlıq irsi işğaldan sonra”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  “Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb.

 

Onlayn konfransa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi,  “Azəristiliktəchizat” ASC-dən, digər universitetlərdən nümayəndələr, ümumilikdə 300-ə yaxın iştirakçı qoşulub.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun, qəhrəman əsgərlərimizin 44 günlük Vətən Müharibəsində əldə etdiyi böyük qələbədən, torpaqlarımızın 30 illik işğaldan azad olunmasından və bundan sonra görüləcək işlərdən danışıb.

 

Rektor vurğulayıb ki, işğaldan azad olunan ərazilərimizdə dağıdılmış mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimləri yaxından iştirakı etməli, böyük quruculuq layihələrinə öz töhfələrini verməlidirlər.

 

Tədbirdə  Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis- kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri, onların həlli yolları və s. məsələlər müzakirə olunub.

 

Konfransın plenar iclasında AzMİU-nun Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevin “Qarabağın davamlı inkişafı: enerjiyə qənaət, bərpa olunan enerji mənbələri, ağıllı şəhər, yaşıl kəndlər” adlı məruzəsi dinlənilib.

 

Konfrans öz işini bölmələrdə davam etdirib.

 

 



10.03.2021 | 17:18