Güclü ordumuz bizə müharibədə uğur qazandırdı

“Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Bizim ölkə hər şeyi öz hesabına əldə edib. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından”.

 

Prezident İlham Əliyevdən gətirdiyimiz bu sitatın əsasında böyük həqiqət dayanır. Bəlkə də cəmiyyətin ayrı-ayrı fərdləri olaraq iqtisadi baxımdan güclü olmanın ölkə üçün nə vəd etməsinin incəliyinə varmamış, heç düşünməmişdik də. Ermənistanla apardığımız müharibə, başlıcası qazandığımız Qələbə göstərdi ki, biz bu Zəfəri iqtisadiyyatımızın qazandırdığı qüdrətlə əldə etdik.

 

Azərbaycan hər il dövlət büdcəsini parlamentdə müzakirə edərkən, şahidi olurduq ki, hərbi büdcənin artırılması diqqətdə saxlanılır və ordunun gücləndirilməsi prioritet məsələlər sırasında öndə gedir. Azərbaycan iqtisadi imkanları sayəsində müxtəlif ölkələrdən-Rusiya, Türkiyə, İsrail, Pakistan, Ukraynadan silahlar alır, ordusunu modernləşdirirdi. Nəyə görə? Çünki ərazisinin 20 faizi düşmən işğalı altında idi. Sülh variantları ilə həll olunmayan münaqişənin çözüm alternativi kimi müharibə ehtimalı qaçılmaz qalırdı. Azərbaycan silahlanmaya, torpaqlarını hərb yolu ilə azad etməyə haqqı çatan tərəf idi və bunu gizlətmirdi. Müharibənin nəticəsi sübut etdi ki, dövlətin ordu quruculuğu siyasəti düzgün siyasət olub. Əks halda Qarabağın azadlığı məsələsi daha da uzanar, ya da düşmən yeni torpaq iddiaları ilə coğrafiyamızdan başqa ərazilər qoparmaq niyyətini həyata keçirərdi. Amma artıq qalib olan ordu bizim ordumuzdur! Qalib xalq bizik!

 



10.03.2021 | 16:20