Azərbaycanda siyasi partiyalarla dialoq

Kənardan belə görünə bilər ki, Azərbaycanda siyasi partiyalarla dialoq yoxdur, ya da zəifdir. Bu, yanlış müşahidədir əslində. Demokratik cəmiyyətlərdə siyasi partiyalarla dialoq mütləq şərtdir və  Azərbaycanda hələ Ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq, siyasi dialoq təşəbbüsləri gündəmdə olub, buna cəhdlər də göstərilib. Ayrı-ayrı vaxtlarda bu dialoq alınıb, birgə əməkdaşlıq fəaliyyəti ortaya qoyulub, ümummilli məsələlərdə vahid platformadan çıxış edilib və bu əməkdaşlıq həqiqətən də ölkəyə çox böyük fayda gətirib.    

 

Ümumiyyətlə, ölkədə siyasi partiyaların fəaliyyətinə həmişə normal imkanlar yaradılıb, beləliklə Avropa Şurası qarşısında götürülən bütün öhdəliklər yerinə yetirilib.

 

Siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün heç bir qadağa qoyulmayıb. Kütləvi aksiyalarla bağlı müraciətləri hər zaman müsbət cavablandırılıb və etirazlarını icazə verilən müxtəlif meydanlardan sərbəst şəkildə səsləndiriblər. Bu baxımdan siyasi partiyaların böyük əksəriyyəti hakimiyyətin siyasətinə narazı tonda yanaşmayıblar və yanaşmırlar.

 

Lakin əks mövqedə olan partiyalar da olub və indi də var. Onlar hər zaman öz ampulalarında qalıblar. Həmişə dialoqdan qaçıblar, müxtəlif bəhanələrlə hakimiyyət-müxalifət dialoqunu pozmağa çalışıblar. Onlar radikal partiyalar kimi təsnifatlanıblar, çünki heç vaxt konstruktiv mövqedən çıxış etməyiblər. İqtidarla bu gün də bir masa arxasında oturmaq istəmirlər.  Səbəb?

 

Səbəbi cəmiyyətə bəllidir: radikal partiyalar xarici çevrələrə bağlıdır, əməkdaşlığı onlarla edirlər. Onların Azərbaycanla bağlı çirkin planlarının icrasına dəstək vermək istəyirlər, qarşılığında həmin xarici dairələrdən müəyyən vədlər alırlar.

 

Amma Azərbaycan iqtidarı konstruktiv müxalifətlə hər zaman əməkdaşlıq edib, onları dinləyib. Son zamanlar bir qrup partiyanın ofislə təminatı məsələsinə baxılıb və bu məsələ müsbət həll edilib. “Siyasi partiyalar haqqında qanun”a edilən düzəlişlərdə və əlavələrdə də hər zaman onların normal fəaliyyət imkanları nəzərdən keçirilib və bütün mümkün addımlar atılıb. Bu, sössüz ki, ölkədə sağlam siyasi mühitin olmasından xəbər verir.   

 

Prezident İlham Əliyev şəxsən özü dəfələrlə siyasi dialoq məsələsinin önəmindən danışıb. Elə hakim partiyanın qurultayında da siyasi dialoqun önəminə və buna hazır olduqlarına diqqət çəkib: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

 

Göründüyü kimi, ortada dövlət başçısı səviyyəsində dialoqa isti bir  münasibət var. Hakimiyyət dialoqa, əməkdaşlığa həmişə açıqdır. Düşünməksə özünü əməkdaşlıqdan, dialoqdan kənarda saxlayanlara qalır.

 



10.03.2021 | 21:41