Oksford Universiteti zəlzələlərin tədqiqatında Azərbaycanla əməkdaşlığa maraq göstərir

Böyük Britaniyanın Oksford Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası, zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda tədbir  keçirilib.

 

Onlayn tədbirdə Oksford Universitetinin professorları - Richard Valker, Mike Daly və onların rəhbərlik etdikləri tədqiqat qrupunun mütəxəssisləri iştirak edib.

 

Azərbaycan tərəfindən müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevNeft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, dosent Esmira Əlirzayeva  və Yer Elmləri Bölməsinin digər üzvləri iştirak ediblər.

 

İclasa həmçinin, BP şirkətinin nümayəndələri də qatılıb.

 

Akademik İbrahim Quliyev AMEA ilə Oksford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələrin vacib olduğunu qeyd edib. Zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik Oksford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. O, ötən il AMEA və Oksford Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını da xatırladıb.

 

Sonra Oksford Univestetinin professorları - Phillp England, Mike Kendlli, James Jackson, Richard Valker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. BP şirkətinin nümayəndəsi Grey Riby isə çıxışında tərəflər arasındakı  əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan Grey Riby vurğulayıb ki, bu əməkdaşlıq Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

 

Seysmoloji Mərkəzin şöbə müdiri, dosent Səbinə Kazımova isə təmsil etdiyi qurum tərəfindən aparılan tədqiqat işləri, eləcə də Beynəlxalq Livermor Laboratoriyası ilə aparılan əməkdaşlıq haqqında təqdimatla çıxış edib. O, RSXM-də zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodlarından da danışıb. 

 

Sonda bildirilib ki, bu müzakirələr tərəflər arasında qarşılıqlı əməkdaşlığa başlanması üçün səmərəli olacaq.

 

 



11.03.2021 | 17:49