“Gənc nəsildə bacarıqları inkişaf etdirməliyik”

“Yeni çağırışlar”da onlayn müzakirə proqramının növbəti qonağı, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner təhsil təcrübələrini paylaşıb.

 

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 8 mart 2021-ci il tarixində yayımlanan bölümündə beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl olan ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılıb.

 

Toni Vaqner kimdir?

 

Görüşün əvvəlində Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin “Qız məktəbində” şeirindən ingilis dilində parça səsləndirilib. Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsimi məşhur təhsil tədqiqatçısı Toni Vaqneri Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda yaratdığı və müsəlman şərqində qızlar üçün ilk dünyəvi təhsil ocağı sayılan Qızlar Məktəbinin təsviri qarşısından salamlayıb. Ən böyük hədiyyənin inkişaf, inkişafı dəstəkləmək olduğunu söyləyən C.Mənsimi təhsil təcrübələrini bölüşmək üçün “Yeni çağırışlar”da qonaq olduguna görə Toni Vaqnerə təşəkkürünü bildirib və alimi izləyicilərə yaxından təqdim edib.

 

Aparıcı Toni Vaqnerin Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu olduğunu və 10 ildən artıq qrupa rəhbərlik etdiyini, “Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi kimi fəaliyyət göstərdiyini, 20 ildən çox Harvard Universitetində müxtəlif vəzifələrdə çalışdığını, Harvard İnnovasiyalar Laboratoriyasında mütəxəssis işlədiyini diqqətə çatdırıb.Beynəlxalq qurumlardan əsas çıxış üçün dəvət alan Toni Vaqnerin bestsellerlər sayılan “Qlobal nailiyyət boşluğu” (Global Achievement Gap) kitabının müəllifi kimi 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: Dünyanı dəyişdirəcək gənclərin hazırlanması” (Creating Innovators: The Making of Young People Who Will Change The World), o cümlədən “Qəlblə öyrənmək: Qeyri-ənənəvi təhsil” (Learning By Heart: An Unconventional Education), “Məktəblər necə dəyişir?” (How schools change?), “Uşaqlarımızı innovasiya dovrünə hazırlamaq” (Preparing Our Kids for The Innovation Era) kitablarının müəllifi, dünyaca məşhur film prodüseri Robert Kontonla birgə “Finlandiya fenomeni: Dünyanın ən təcrübəli məktəb sisteminin içində” (The Finland Phenomenon: Inside The World`s Most Surprising School System) adlı 60 dəqiqəlik sənədli filminin yaradıcısı olduğu da qeyd edilib.

 

Bacarıqlar...

 

Təhsil tədqiqatçısı Toni Vaqner özünüzü ömür boyu öyrənən Vaqner kimi təqdim edirsiniz, maraqlıdır, nəyi öyrənirsiniz? sualına cavabında hər gün yaxşı insan olmaq üçün nə isə öyrənmək və öyrətmək, həyata dəyişiklik gətirməyə can atdığını bildirib. “Biz mümkün qədər gənc nəsildə insani bacarıqları inkişaf etdirməliyik. Əks halda, ənənəvi təhsili davam etdirsək, gələcəkdə insanların süni zəkayla müqayisədə şansı olmayacaq” deyə T.Vaqner vurğulayıb.

 

Eyni zamanda Vaqner bildirib ki, süni zəka vasitəsilə təhsili fərdiləşdirmək, şagirdlərin təhsillə baglı nailiyyətlərini qiymətləndirmək də mümkündür.

 

Bir çox dünyaca məşhur şəxslərin, eləcə də Toni Vaqnerin məktəbdən qovulduğunu və sonradan böyük ugur qazandığını necə izah edə bilər sualını yazıçı və alim çox maraqlı cavablandırıb. O bildirib ki, ənənəvi məktəblərdə təhsil aldıqca gənclərdə məlumat aclığı, hər şeyi bilmək, öyrənmək istəyi, kreativ düşünmə bacarığı azalır. Odur ki, bəzi insanlar sənaye növlü təhsilə qiyam, həmin təhsildən çıxıb öz öyrənmə üsulunu təklif edirlər, təcrübə qazanırlar. “Mən ənənəvi sistemdən uzaqlaşdım və esselər yazmağa başladım, öz yaradıcılıgımı ortaya qoydum. Bütün bunlar Harvard Universiteti, “Gates” Fondu tərəfindən bəyənildi və qiymətləndirildi”.

 

Toni Vaqner hazırda heç nəyin dəyişmədiyini, vəziyyətin daha da mürəkkəbləşdini söyləyib. Müxtəlif testlərin, qiymətləndirilmələrin nəticəsində müəllim və şagirdlərə təzyiq artıb. Görünən rəqabətin fonunda şagird və tələbələr sıxlığı və təzyiqi hiss edirlər, bu da təhsilin keyfiyyətininin aşağı düşməsinə gətirib çıxarır.

 

Dünyada öncül yerləri tutan Finlandiya təhsil sistemindən hansı nəticəni çıxarmalıyıq sualına T.Vaqner cavabında bildirib ki, birinci növbədə müəllimlərin hazırlıq keyfiyyətini kəskin artırmaq, müəllimlərin cəmiyyətdə statusunu yüksəltmək lazımdır. Finlandiya təhsil sisteminin tamamilə fərqli şəkildə tərtib olunmasının əsas səbəbi kasıb iqtisadiyyatın köklü şəkildə islah olunması məqsədini daşıyıb. Bunun üçün də uşaqların məhz innovator, yenilikci olaraq yetişdirilməsi təhsilin bugünkü inkişafına gətirib çıxarıb.

 

Rəqəmsal portfel

 

Vaqnerin bu fikirləri çox diqqət çəkir: “Təhsilin keyfiyyəti testlərlə ölçülə bilməz. Təhsilin keyfiyyəti tələbələrin işi, performansı ilə ölçülür. Hər bir tələbənin rəqəmsal portfeli olmalıdır və o, məktəbdə həyata keçirilən fəaliyyətlərə qoşulmalıdır ki, digərləri də onun fəaliyyətini izləmək imkanına sahib olsun. Davamlı təhsil və məşğulluqla bağlı mən düşünürəm ki, ali təhsil ocaqları, işəgötürənlər, şirkətlər məktəbləri baxışdan keçirməli, audit etməlidirlər. Yəni rəqəmsal portfellər vasitəsilə məktəblərdə nə dərəcədə keyfiyyət standartlarına riayət olunduğunu, şagirdlərin iş keyfiyyətini izləmək imkanına sahib olmalıdırlar”.

 

7 həyati bacarıq

 

Tomas Vaqner “Qlobal nailiyyət boşluğu” kitabında təqdim etdiyi 7 həyati bacarıq dəstini “Yeni çağırışlar”da izləyicilərə sadalayıb. Yazıçı 1-ci bacarığın kritik düşünmə və problemləri həll etmək məharətinin olduğunu deyib. Dünyaya çox bilikli şagird deyil, biliklərini tətbiq, nailiyyətlər əldə edə bilən şagirdin gərəkliliyini önə çəkib. 2-ci bacarıq dəstinə kollektiv şəkildə müxtəlif şəbəkələr üzərindən işləmək və nüfuz vasitəsilə digərlərini öz arxasınca aparmaq bacarığının aid olduğunu bildirib. 3-cü dəstə çeviklik, tez dəyişən mühitə uyğunlaşma, qısa zaman ərzində vacib qərarlar qəbul etmək bacarığı aiddir.4-cü bacarıq dəstini Vaqner təşəbbüskarlıq, sahibkarlıq fərasəti kimi təqdim edib. “Gənc nəsil problemlərini anlayaraq onların həlli üçün bilik və bacarıq nümayiş etdirməsə süni zəka bu cavanları əmək bazarından sıxışdırıb çıxaracaq”- deyə Vaqner səslənib. 5-ci dəstə alim təsirli və səmərəli şəkildə oxu, yazı və şifahi ünsiyyət qurma, eləcə də dinləmə bacarığını aid edib və deyib ki, bu bacarıqlar olmazsa kollektiv iş, komanda fəaliyyəti də mümkünsüzdür. 6-cı bacarıq cəmiyyətdə baş verən informasiya partlayışı, informasiyanın kütləvi şəkildə çoxalması fonunda informasiyaya təsir etmək məharətidir. Şagird və tələbələr informasiya bolluğunda düzgün məlumat seçmək, təhlil etmək, qavramaq, qiymətləndirmək bacarığına sahib olmalıdırlar. Və nəhayət 7-ci dəst zəngin təxəyyülə sahib olmaq, məlumatlı olmaq bacarığıdır. Sual vermək bacarığını təməl prinsiplərdən hesab edən Vaqner deyib: “Sadaladığım 7 bacarıq tək 21 əsrin məşğulluq dəstinə yox, həmçinin fəal vətəndaş olmaq üçün çox zəruridir”.

 

Toni Vaqner təhsil işçiləri, valideyn olaraq gənc nəsildə sual vermək uçün həvəs oyatmağa, onları ciddi qəbul etməyə, şagirdlərin özlərini sualın cavablandırılması üçün axtarışlara cəlb etməyin vacibliyini dilə gətirib. O təklif edib ki, gənclər onları maraqlandıran sualları bloknot və ya jurnallarda qeyd etsinlər, suallar gündəliyi tutsunlar. Həmçinin Vaqner ixtisaslaşmış təhsilin əleyhinə olduğunu və daha çox bacarıqlara söykənən təhsil tövsiyə etdiyini bildirib.

 

Qəlblə öyrənmək

 

Görüş zamanı növbəti maraqlı sualı cavablandıran Toni Vaqner söyləyib: “21-ci əsrdə insanın ruhuna, mənəviyyatına aid olan bacarıqlar var ki, nəinki şüurun, qəlbin məhsuludur. Söhbət intuisiya, qəlbən hiss edilən duyğular, maraqlardan, həmçinin təəssübkeşlik, qayğıkeşlik, hissləri, digər insanlara hörmətlə yanaşmadan gedir. Qəlbdən gələn bu bacarıqlar 21-ci əsrdə ön planda olacaq”. 

 

Toni Vaqner məktəb qurarsa...

 

Təhsil tədqiqatçısı T.Vaqner getdikcə məktəblərə marağın azalmasının səbəblərini tədris edilən fənlərdə, onların nə dərəcədə önəmli olmasında, bir çox təhsil işçisinin dünyada nəyin dəyişdiyinin fərqində olmamasında, beləliklə öz qınında qalmasında, müəllimlərin işlərinə görə məktəbdə, sinif otağında divarlar arasında təcrid olunmasında gördüyünü bildirib. “Tənhalıq innovatorluğun, inkişafın, yenilikçiliyin bir nömrəli düşmənidir”, - Vaqner söyləyib.

 

Toni Vaqner bir məsələyə də diqqət çəkib ki, müasir məktəblərin əsas amillərindən biri də təhsilə nə qədər vaxt sərf etməyi nəzərə almalarıdır.  Məktəblərdə vaxt yox, bacarıq yanaşması önə alınmalıdır. Şəhadətnamələr, diplomlar şagirdlərin təhsilə sərf etdiyi vaxtı deyil, onların bacarıqlarını qiymətləndirməlidir. Bu çətin çağırışın öhdəsindən bir müəllim gələ bilməz. Müəllimlər əməkdaşlıq etməli, kollektiv olaraq işləməlidir. Vaqner butün bu nüansları əsas götürərək yeni bir məktəb qurmağın mümkünlüyünü dilə ğətirib.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını Toni Vaqner belə cavablandırıb: “1-ci güşə-biz dünyanın necə dəyişdiyini görməliyik, 2-ci - 21 əsrdə təhsilin əhəmiyyətini başa düşməliyik, qiymətləndirməliyik, hamımız birlikdə öyrənmə prosesini dəyərləndirməliyik, uşaqlarımızın öyrənməsi üçün imkanlar yaratmalıyıq”.  Aparıcı C. Mənsimi maraqlı müsahibə üçün qonağa minnətdarlığını bildirib və qeyd edib ki, Vaqnerin səsləndirdiyi və bütün dünyanın marağına səbəb olan 7 bacarıq əslində 8 guşəli ulduzun əsas parçasıdır.

 

Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu Toni Vaqner görüşün sonunda “Yeni Çağırışlar”ın aparıcısına, işçi heyətinə yaradılan fürsətə görə minnətdarlığını bildirərək deyib: “Biz bu gün bu sualları verməliyik və bilməliyik ki, dəyişən dünyada necə nəsil yetişdirməliyik. Buna gorə mən sizə təşəkkür edirəm və sizi təqdir edirəm”.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



12.03.2021 | 10:28