Mərkəzi Elmi Kitabxanaya Mir Cəlal Paşayevin kitabları daxil olub

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva tərəfindən XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin beşcildlik və görkəmli ədibə həsr olunmuş ikicildlik kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.

 

Kitabxanadan bildirilib ki, beşcildliyə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilib. Mir Cəlal yaradıcılığında əsas yer tutan hekayə janrı dörd cilddə ardıcıl izlənilib. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar-oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilib.

 

Digər orijinal tərtibatlı ikicildlik kitab yazıçı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cilddə onun haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb.

 

Kitabın ikinci cildi isə “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, şəxsi arxivindəki əlyazmaları və epistolyar irsi toplanıb.



13.03.2021 | 10:21