Türkiyənin Ege Universitetinin professoru gənc aqronomlara mühazirə oxuyub

Türkiyənin Ege Universitetinin Bitki mühafizəsi kafedrasının  müdiri, professor Enver Durmuşoğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün "Tarladan süfrəyə qida təhlükəsizliyində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınması mövzusunda" onlayn mühazırə oxuyub.  

 

Mühazirədə ADAU-nun Bitki mühafizəsi, Baytarlıq təbabəti, Aqronomluq ixtisası üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri, habelə universitetin müvafiq kafedralarının əməkdaşları iştirak ediblər.

 

Türkiyəli professor mühazirəsində qida məhsullarının dəyər zəncirində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınmasında Türkiyə təcrübəsini  dinləyicilərin diqqətinə çatdırıb.

 

ADAU-nun rektoru İbrahim Cəfərov professor Enver Durmuşoğluna minnətdarlığını bildirib, qarşılıqlı dərslərin əhəmiyyətini və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Sonda müəllim və tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.

 

Qeyd edək ki, ADAU ilə Ege Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADAU-nun bakalavriat səviyyəsinin Aqronomluq, Bitki mühafizəsi, Aqromühəndislik və İqtisadiyyat ixtisasları üzrə ikili diplom proqramları icra edilməkdədir.

 



13.03.2021 | 14:19