BMU-da “Onlayn Karyera Günü”

Bakı Mühəndislik Universiteti (BMU) və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə  “Onlayn Karyera Günü” keçirilib.

 

Tədbirdə BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Gülçöhrə İbrahimova departament haqqında ümumi məlumat verib, onun fəaliyyət istiqamətlərini sadalayıb. Qeyd edib ki, departament müəssisələrlə mütəmadi olaraq əlaqə saxlayır, təcrübə proqramları, vakansiyalar və s. kimi elanları tələbə və məzunlara çatdırır, eyni zamanda müəssisələrlə davamlı şəkildə  əməkdaşlıq müqavilələri imzalayır. G.İbrahimova müxtəlif layihələrin, master klasların, əmək sərgilərinin, karyera günlərinin keçirildiyini də diqqətə çatdırıb. O, universitetin məzun bazasının olduğunu və bütün məzunların kontaktlarının həmin bazaya yerləşdirildiyini sözlərinə əlavə edib.

 

“Araz” supermarketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Səfər Aslanov bildirib ki, görüşün əsas məqsədi tələbələri iş imkanları barədə məlumatlandırmaq, işgüzar həyata hazırlıqla bağlı onları maraqlandıran sualları cavablandırmaqdır. O, təmsil etdiyi qurum haqqında qısa məlumat verib. Qurumun 2011-ci ildə fəaliyyətə başladığını söyləyən S.Aslanov qurumun şəbəkəsinin getdikcə böyüdüyünü və bu şəbəkəyə BMU məzunlarının da qoşulmağını arzu etdiklərini söyləyib. S.Aslanov onlayn karyera günü ilə bərabər, ali təhsil müəssisələrində master klasların keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

 

Qurumun Biznes tərəfdaşlığı şöbəsinin müdiri Elçin Əkbərov tələbələrin təcrübəsinin təşkil edildiyini, həmçinin bu müddət ərzində potensialı olan gənclərin  işə qəbul olunduğunu bildirib. Mövcud pandemiya səbəbindən təcrübə müddətində az sayda tələbələrin qəbul edildiyini diqqətə çatdıran E.Əkbərov həyata keçirəcəkləri layihələr barədə də məlumat verib.

 

İnsan resursları əməliyyatı şöbəsinin müdiri Rəhim Mustafayev qurumun geniş iş imkanlarından söz açıb. O, tələbələrə ixtisaslarına dərindən yiyələnməklərini və sosial cəhətdən aktiv olmaqlarını tövsiyə edib.

 

Biznes tərəfdaşlığı üzrə mütəxəssis Vasif  Fərəcov  daima təhsil müəssisələri ilə əlaqələrin qurulmasına və inkişaf etməsinə maraqlı olduqlarını bildirib. O, pandemiya dövründə yeni texnologiyalardan və innovasiyalardan çevik istifadə edə bilən namizədlərə daha çox üstünlük verildiyini diqqətə çatdırıb.

 

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

 

 

 



15.03.2021 | 11:07