Naxçıvan məktəbliləri Rusiya təhsil portalının müsabiqəsində

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.

 

Bölmənin Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin müdiri, dosent Ramiz Ələkbərovun elmi rəhbərliyi ilə tədqiqat aparan iki məktəbli “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə iştirak edib.

 

Müsabiqənin sonunda Naxçıvan şəhər 15 saylı tam orta məktəbin IX sinif şagirdi Nəsibə Əzizovanın “Adi boymadərən və onun faydalı xüsusiyyətləri” adlı məqaləsi II dərəcəli, 14 saylı tam orta məktəbin X sinif şagirdi Azər Əliyevin “Naxçıvan Muxtar Respublikası florasında yayılan adi boymadərən bitkisinin biomorfoloji, fitokimyəvi xüsusiyyətlərinin və istifadə perspektivlərinin öyrənilməsi” adlı məqaləsi isə III dərəcəli diplom və sertifikata layiq görülüb.

 

Qeyd edək ki, məktəblilər bu mövzuda tədqiqat aparıblar və tədqiqat dövründə  dosent Ramiz Ələkbərovun rəhbərliyi ilə adi boymadərən bitkisindən ekstrakt, dəmləmə və qarışıq hazırlayıblar. Hazırlanan ekstraktın tərkibindəki bioloji aktiv maddələr fotospektr vasitəsilə araşdırılıb, müəyyən uğurlu nəticələr əldə edilib.

 



15.03.2021 | 12:25