"Xaricdə təhsil və təqaüd - info sessiya" adlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Xaricdə təhsil və təqaüd - info sessiya" adlı onlayn tədbir keçirilib.

 

Akademiyadan bildirilib ki, tədbirə umumilikdə 179 tələbə qatılıb.

 

Tədbirdə beynəlxalq əməkdaşlıq üzrə böyük mütəxəssis Elvin Mecidov və Ömürboyu təhsil şöbəsinin böyük mütəxəssisi Sevinc Əliyeva bakalavr və magistr tələbələri üçün akademiyanın beynəlxalq əməkdaşlıq fəaliyyətləri, xaricdə təhsil və təqaüd imkanları, eləcə də "edX®" ilə tərəfdaşlıq haqqında geniş məlumat veriblər.

 

Tədbir üç hissədən ibarət olub. İlk olaraq, akademiyanın "edX®" ilə tərəfdaşlığı barədə məlumat verilərək bildirilib ki,  ilin əvvəlində imzalanan iki müqavilədən biri tələbələr və gömrük əməkdaşları üçün lisenziyaların təmin edilməsi barədə olub. Görüşdə bu lisenziyalar, tələbələrin faydalana biləcəyi kurslar və kurslarda qeydiyyatdan keçmək üçün lazım olan texniki detallar barədə məlumat verilib. Ekran paylaşma funksiyası ilə tələbələrə kimlik təsdiqlənməsi və sertifikatların alınması ilə bağlı təqdimat edilib.

 

İkinci hissədə Litva dövlətinin qısa müddətlik (1-2 semestr) Litva universitetlərində təhsil almağa imkan yaradan təqaüd proqramına dair bilgilər çatdırılıb. Həmçinin, akademiyanın tərəfdaşı Mikolas Romeris Universitetinin məhz akademiya tələbələri üçün təklif etdiyi imkanlar barədə danışılıb. Təqaüd proqramı üçün müraciət sistemi, lazımlı sənədlər və digər prosedurlarla bağlı geniş izahat verilib.

 

Tədbirin üçüncü hissəsində tələbələr Latviyanın Riqa Texniki Universitetinin (RTU) Gömrük Akademiyasına akademik sahədə əməkdaşlıq təklifləri ilə  məlumatlandırılıb. Qeyd olunub ki, bu təkliflərə akademiya tələbələrinin RTU-da əvvəlcədən müəyyən edilmiş mövzular üzrə onlayn mühazirə və seminarlara qoşulmaları, bir və ya bir neçə semestrlik mübadilə proqramları, professor-müəllim heyətinin mübadiləsi, həmçinin ikili/birgə diplom proqramlarının işlənib hazırlanması daxildir.

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib. 

 

 



15.03.2021 | 14:23