MDU-nun rektoru Türkiyənin Özyeğin Universitetində olub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib.

 

2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur.

 

ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı və sənaye 4.0 kompetensiyaları mərkəzi, kitabxana, qapalı və açıq idman meydançaları, yeməkxana, yataqxana və digər infrastruktur obyektləri ilə tanış olub.

 

Qonaqlara ÖZÜ-də Biznesin inkişafı və sənaye 4.0 kompetensiyaları mərkəzinin fəaliyyəti, startapların təşkili və inkişafı mexanizmi, kiçik və orta sahibkarlığın inkişafına dəstək alətləri, dövlət qurumları və biznes strukturları ilə işbirliyinin yaradılması təcrübəsi, Avropa İttifaqı layihələrində iştirak və digər məsələlər barədə ətraflı məlumat verilib.

 

Görüş çərçivəsində Greenmetric reytinqinə görə Türkiyənin ən “yaşıl universitet”ləri sırasında yer alan ÖZÜ-nün bərpa olunan resurslar hesabına elektrik enerjisi ilə tam təminat, enerjinin kampusdakı binalar arasında səmərəli paylanılması, avtomatlaşdırılmış havalandırma, isitmə və soyutma sistemləri üzrə modern təcrübələri barədə təqdimatlar nümayiş etdirilib.

 

Qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirə olunduğu görüşdə müvafiq infrastrukturun yaradılması və inzibati heyət üzvlərinin bacarıqlarının inkişaf etdirilməsi sahəsində MDU-ya köməklik göstərilməsinə dair ilkin razılıq əldə olunub.

 



15.03.2021 | 17:32