ADPU ilə "Birgə və Sağlam" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəblə  "Birgə və Sağlam" İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Tədbir Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının (Black Sea Trust GMF) təşkilati dəstəyi ilə və "Hər kəs üçün bərabər təhsil hüquqları" layihəsi çərçivəsində reallaşıb.

 

İmzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, USAID Missiya Direktoru Jay Singh, USAID layihə meneceri Emin Məmmədli, Black Sea Trust GMF Azərbaycan nümayəndəsi Mehriban Rəhimli, universitetin rəhbər işçiləri, BS İB nümayəndələri iştirak ediblər.

 

C.Cəfərov bildirib ki, 100 illiyini qeyd edən ADPU ölkədə xüsusi təhsil sahəsində kadr hazırlığının bazasıdır. ADPU xüsusi və inklüziv təhsilin inkişafı istiqamətində bir çox  beynəlxalq layihələrə imza atıb. Rektor buna misal olaraq ölkədə  inklüziv təhsilə aid ilk pilot layihənin ADPU-da keçirilməsi (2011-2012-ci illər), Regional İnkişaf İctimai Birliyinin keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi, "İşarə lüğəti"nin hazırlanması, UNICEF Azərbaycanın "Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi" layihəsi, Təhsil Nazirliyi ilə birgə ""Korreksiyaedici təlimçi" ixtisası üzrə peşə standartı və tədris materiallarının hazırlanmasını göstərib. C.Cəfərov qeyd edib ki, ADPU sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya və sosiallaşmalarında fəal iştirak edir:”ADPU ölkədə pedaqoji kadr hazırlayan universitet kimi xüsusi təhsili diqqətdə saxlayaraq, bu sahədə müasir trendləri izləyir. ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə də bir çox layihələrə imza atıb. Bir il öncə ADPU Corc Vaşinqton Universiteti ilə beynəlxalq ikili diplom proqramı üzrə müqavilə imzalayıb."

 

Birgə və Sağlam  İctimai Birliyinin sədri A.Eynalova rəhbəri olduğu qurumun  ölkədə autizmli uşaqların reabilitasiyası sahəsində ən öncül mərkəz olduğunu, yaratdığı "KAŞALATA kafe"nin belə uşaqların özünü reallaşdırması üçün ölkəmizdə ilk və yeganə nümunə olduğunu bildirib. Bu baxımdan beynəlxalq və akademik əməkdaşlığa önəm verən birlik bu günə qədər ABŞ-ın, Türkiyənin müvafiq mərkəzləri ilə bir çox layihələr icra edib:”ADPU ilə imzalanan bu memorandum olduqca müsbət irəliləyişdir. Layihə çərçivəsində ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi ilə birgə bu sahədə 40 yerli yüksək səviyyəli mütəxəssisin hazırlanması, xarici təlim proqramının lokallaşdırılması və onlayn portalın inkişafı nəzərdə tutulur”.

 

İmzalanma mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri L. Litzenberqer autizmli şəxslərin reabilitasiyasının dünyamızın ortaq hədəfi olmalı olduğunu bildirib. Qeyd edib ki, əgər bu şəxslərə imkan yaradılarsa, onlar içərisindən dahilər yetişə bilər:”ABŞ bu sahədə daim vətəndaş cəmiyyəti institutlarına dəstək verməyə hazırdır”.

 



16.03.2021 | 12:07