"Çini tanı" layihəsi Sumqayıt məktəbliləri ilə

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çini tanı" layihəsi çərçivəsində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbinin şagirdləri üçün Beynəlxalq Kuklaçı Gününə həsr olunmuş "Çin və Azərbaycanın mədəniyyət incisi: Danışan kuklalar" adlı tədbir keçirib.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətinin incilərindən olan teatrın yaranma tarixi, xüsusilə kukla teatrının əhəmiyyətindən bəhs edib.

 

Kukla teatrının xalqın ictimai həyatının bir hissəsi olduğunu vurğulayan R.Abbasov şagirdlərə Azərbaycan-Çin kukla teatrları arasında olan oxşar və fərqli cəhətləri anladıb. O, Çin kukla teatrının bənzərsiz ənənələri və onun dünya  teatr  sənəti üçün əhəmiyyətindən danışıb. R.Abbasov Çin Kukla Teatrının yaradıcılıq tarixi, onun regional növləri  və üslubları haqqında da məlumat verib.

 

ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə kukla teatrının növləri olan kölgə oyunu, barmaqlarda kuklalar (əlcək), tək çubuqda kuklalar və.s haqqında danışıb. Qeyd edib ki, Çin kukla teatrı tarixdən bu günə kimi öz mədəni irsini qoruyaraq müasir dövrün maraqlarını əks etdirdiyi üçün dünya kukla teatrında böyük əhəmiyyətə malikdir.

 

Sonda Çin kukla teatrının məşhur süjetləri əsasında video təqdim olunub.

 



16.03.2021 | 14:23