Təbriz Tibb Elmləri Universiteti ilə səhiyyədə innovativ ideyaların tətbiqi müzakirə olunub

Azərbaycan Tibb Universiteti (ATU) və Təbriz Tibb Elmləri Universiteti arasında hər iki ali məktəbin rektorlarının iştirakı ilə səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib.

 

ATU rektoru, professor Gəray Gəraybəyli səhiyyənin və tibb təhsili üçün kifayət qədər gərgin dönəm olan bu dövrdə innovasiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.  

O, ATU ilə Təbriz Tibb Elmləri Universiteti arasında daim sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladaraq qarşılıqlı səfərlər və birgə elmi tədbirlərin keçirildiyini bildirib. İndi isə elmi araşdırmalar yönündə əməkdaşlığın davam etdirilməsini çox sevindirici hal kimi qiymətləndirən ATU rektoru bu sahədə müştərək işlər üçün zəmin olduğunu vurğulayıb.  

Təbriz Tibb Elmləri Universitetinin rektoru, professor Məhəmməd Hüseyn Somi  də səhiyyə sahəsində innovasiyalarla bağlı əməkdaşlığın qurulması, birgə layihələrin hazırlanması, universitetlər üçün innovasiyalar mərkəzlərinin yaradılması vacibliyini qeyd edib. Təbriz Tibb Universitetinin ATU ilə uzunmüddətli əməkdaşlıq münasibətlərinin mövcud olması və son illər bu bağların daha da güclənməsindən məmnunluğunu ifadə edən M.H.Somi innovasiya mərkəzinin köməyilə bu əməkdaşlığın üst səviyyəyə qaldırılacağına əminliyini bildirib.

 

Təbriz Tibb Elmləri Universitetinin Səhiyyənin İnkişafı və İnnovasiyalar Mərkəzinin rəhbəri, professor Soodabeh Davaran  mərkəzin fəaliyyəti haqqında məlumat verib. İlk beynəlxalq vebinarın məhz ATU ilə keçirilməsindən məmnunluq duyduğunu bildirən professor qeyd edib ki, İranda belə mərkəz ilk dəfə məhz Təbriz Tibb Elmləri Universitetində yaradılıb. Qurumun yaradılmasının əsas məqsədi səhiyyənin inkişafının təmin edilməsi naminə innovativ fikirləri cəlb etməkdir. Xanım S.Davaran gələcəkdə ATU-da da belə bir mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduqlarını da bildirib.

 

Daha sonra vebinarda səhiyyənin inkişafında innovasiyaların tətbiqi ilə bağlı təlimlərin təşkili və müəyyən xidmətlərin təqdim olunması məsələləri müzakirə edilib. Toplantıda həmçinin ixtisasartırmaya həsr olunmuş seminarlar, konfrans və simpoziumların təşkili üzrə qarşılıqlı əməkdaşlıq, startapların reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb. Birgə təlimlər və yay məktəblərinin təşkili, universitetlər arasında innovasiyaların tətbiqinə dair mütəmadi müzakirələrin aparılmasının vacibliyi vurğulanıb.



17.03.2021 | 12:37