ADAU-nun 5000 tələbəsinə müxtəlif proqramlarda təhsil imkanı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Masaçusets Texnoloji Universiteti və Harvard Universitetinin birgə təsis etdikləri edX platformasına qoşulmaq üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Müqaviləyə əsasən, 15 mart 2021-ci il tarixindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün edX platformasında bir sıra ixtisaslar üzrə ödənişsiz qaydada onlayn kurslarda təhsil almaq imkanı yaranıb.

 

Onlayn kurslar biznes, biznesin idarəedilməsi, sahibkarlıq, kompüter bilikləri, liderlik və digər  istiqamətləri əhatə edir. Kurslar dünyanın aparıcı universitetlərinin - Harvard Universiteti, DELFT Texnologiyalar Universiteti, Columbia Universiteti, Maryland Universiteti və digər ali təhsil müəssisələrinin professorları tərəfindən onlayn qaydada təqdim olunur.  Kurslar 6-12 həftə nəzərdə tutulub. Bir neçə moduldan ibarət olan proqramda hər modulun sonunda qiymətləndirmə həyata keçirilir.  

 

Müqaviləyə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin 5000 tələbəsi müxtəlif proqramlarda iştirak edə bilər. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikatlar veriləcək. İlk kurslar Harvard, DELFT və Columbia Universitetlərinin təşkil etdiyi “Leadership”, “Proqramming” və “Finance” mövzuları ilə bağlı olacaq. ADAU öz tələbələrini dünya təhsil brendləri tərəfindən təqdim edilən ödənişsiz kurslarda  fəal iştirak etməyə dəvət edib.

 

Bu barədə ADAU-dan bildirilib.

 

 



17.03.2021 | 15:22