Naxçıvan məktəbliləri üçün Novruz mövzusunda interaktiv dərs

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Milli-mənəvi dəyər daşıyıcısı - Novruz” mövzusunda interaktiv dərs keçirilib.

 

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əvvəlcə məktəblilərə zaman, fəsil və bayram kimi anlayışların yaranması, bu məfhumların xalq təfəkküründəki rolundan danışıb. Qeyd olunub ki, bolluq və firavan həyat arzularını bayram anlayışında birləşdirən əcdadlarımız həmin bayramları zaman keçdikcə oyun, nəğmə, yallı, ənənə və mərasimlərlə bəzəyərək tarixə hədiyyə etmişlər.  Hər il qeyd olunan Novruz bayramı da, məhz qədim türk millətinin ulu bayramlarından biridir. Milli birlik və bərabərliyi özündə ehtiva edən Novruzun hər məqamında türklüyü simvolizə edən adət və ənənələr günümüzə qədər gəlib çatmışdır.

 

Tədqiqatçı sovet dönəmində Novruz bayramının keçirilməsinə qoyulan qadağalar, görkəmli dövlət və elm xadimi Şıxəli Qurbanovun  xidmətləri haqqında məlumat verib. Şagirdlərin diqqətinə çatdırılıb ki, məhz onun yorulmaz mücadiləsi sayəsində uzunmüddətli fasilədən sonra 1967-ci ildə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində  qeyd olunub. Edilən bütün xəbərdarlıqlara məhəl qoymadan vətənpərvər alim milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruzun dinimizlə deyil, tariximizlə, etnik mənşəyimizlə bağlılığını sübut etmişdir.

 

“Novruz bayramının dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması Ümummili liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”,-söyləyən alim Ulu öndərin hakimiyyətinin bütün dövrlərində tariximizə, mədəniyyətimizə, eləcə də folklorumuza göstərdiyi diqqət və qayğını interaktiv dərs iştirakçılarının diqqətinə çatdırıb.

 



18.03.2021 | 16:07