Peşə təhsilində Estoniya təcrübəsi öyrənilib

Estoniyanın Javarma Peşə Mərkəzinin əməkdaşları tərəfindən Bərdə və ölkənin digər  peşə təhsili müəssisələrinin müəllim və mühəndis pedaqoji heyətinə "Tədris və Təlimdə əlverişli mühitin yaradılması" mövzusunda vebinar təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Bərdə Peşə Liseyinin Modernləşdirilməsi" layihəsi çərçivəsində “Peer to Peer Learning” proqramı ilə əlaqədar həyata keçirilən vebinarda peşə təhsili müəssisələrindən 35 nəfər nümayəndə  iştirak edib.

      

Onlayn şəkildə baş tutan görüşdə peşə təhsili və təlimində müasir tədris mühitinin yaradılması istiqamətində vacib mövzular müzakirə edilib, eyni zamanda bu sahədə Estoniya təcrübəsi də öyrənilib. Vebinar müddətində Javarma Peşə Mərkəzinin rəhbəri Rein Oselin öz peşə məktəbinin yaranma tarixinə toxunaraq limitli resursla başlayıb müasir və keyfiyyətli peşə təhsili sistemində təhsil və tədrisin mümkünlüyünü qeyd edib, bu sistemin Azərbaycanda peşə təhsilində necə təşkil edilə biləcəyi haqqında vebinar iştirakçılarına tövsiyələr verib.

       

Qeyd edək ki, “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.

 



18.03.2021 | 17:42