Şəhid məzunların xatirə qorelyefi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  memarlıq fakültəsində  44 günlük Vətən müharibəsində şəhid olmuş fakültənin 2015-16-cı il məzunu Ramil Ağayev və 1-ci Qarabağ savaşında şəhid olmuş tələbəsi Fuad Əsədovun əziz xatirəsinə həsr edilən qorelyefin açılış mərasimi olub.

 

Mərasimdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, hər iki şəhidin ailə üzvləri, fakültənin müəllim və tələbələri, universitetin ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğulların xatirəsinin daim yaddaşlarda qalacağını bildirib. O, Vətən müharibəsinin şəhidi R.Ağayevlə bağlı xatirələrini paylaşıb, hər iki şəhidin doğmalarına səbr, dözüm arzulayıb.

 

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova tədbirdə iştirak edən şəhidlərin yaxınlarına başsağlığı verib, onlara səbr arzulayıb. O, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizə diqqət və ehtiramın göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayaraq universitetin bütün fakültələrində şəhid tələbə və məzunların xatirəsinə həsr edilmiş guşələrin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb. G.Məmmədova xalqımızın 30 illik həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının gələcək nəsillər üçün ən yaxşı örnək olduğunu, onların qoyub getdikləri vətənpərvərlik məktəbinin davamçılarının bundan sonra da yetişəcəyini qeyd edib.

 

Mərasimdə iştirak edən F.Əsədovun anası Solmaz xanım şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə,  fakültənin müəllimlərinə, kompleksin müəlliflərinə - heykəltəraşlara minnətdarlığını bildirib.

 

Məlumat üçün qeyd edək ki, qorelyefin müəllifləri heykəltəraş Kənan Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 1-ci kurs tələbəsi Namiq Hüseynovdur.

 

 

 



21.03.2021 | 11:12