BDU-da elmin inkişafı istiqamətində görülən işlər müzakirə olunub

Bakı Dövlət Universitetində (BDU) 27 mart - Elm Gününə həsr olunan onlayn tədbir keçirilib.

 

Universitetin rektoru Elçin Babayev son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirləri barədə məlumat verib.

 

E.Babayev elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb, BDU-nun təşkil etdiyi elmi tədbirlərdə ali məktəbin  sıx əlaqələr saxladığı Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, eyni zamanda BDU-nun Qazax filialı, İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyinin tələbə və şagirdlərinin iştirak etdiyini bildirib.

 

Sonra elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov “Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləri barədə məlumat verib. Onun sözlərinə görə, müsabiqədə BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri 21 layihə ilə iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə 12 layihə qaliblər sırasına seçilib. Liseyin X sinif şagirdləri- Tamilla Süleymanova və Rəfsan Həbibullayevin biologiya istiqamətində “Ximer RNT-lər və zülallar”, X sinif şagirdi Əli Əkbərzadənin Kompüter elmləri istiqamətində “Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi” adlı layihələri birinci yeri qazanaraq, Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq İntel İSEF- Beynəlxalq Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüququ əldə edib.

 

Tədbirdə  “Sabahın alimləri” X respublika müsabiqəsinin qaliblərinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Sonra BDU rektorunun elm və innovasiyalar üzrə müşaviri, professor Aydın Kazımzadə “Elmin təhsilə inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda elmin inkişafına göstərilən diqqət və qayğıdan, ölkəmizdə ali təhsil məktəblərinin flaqmanı olan BDU-nun intellektual nəslin formalaşmasındakı rolundan danışıb.

 

“Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Valentin Boqorov Web of Science məlumatları əsasında “Bakı Dövlət Universitetində elmi nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. BDU alimlərinin son 20 ildə 3131, 2016-2021-ci illərdə 1609, 2020-ci ildə isə 393 məqaləsinin Web of Science bazasında indekslənən jurnallarda dərc olunduğunu bildirib. Bu nəticələrə əsasən, BDU-nun Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşdığını deyib.

 

Sonda Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin yekunları haqqında məlumat verilib.

 

Müsabiqənin nəticələrinə əsasən, təbiət və texnika elmləri üzrə biologiya fakültəsinin professoru Rövşən Xəlilov I, ekologiya və torpaqşünaslıq fakültəsinin aparıcı elmi işçisi Kamran Mahmudov II, tətbiqi riyaziyyat ETİ-nin baş elmi işçisi Vaqif Quliyev III, humanitar və ictimai elmlər üzrə beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru Elşar Orucov I, sosial elmlər və psixologiya fakültəsinin baş müəllimi Kamilə Kazımova II, filologiya fakültəsinin dosenti Qızılgül Abdullayeva isə III yerlərə layiq görülüblər.

 

Xatırladaq ki, müsabiqədə 1-ci yerin qalibləri 2500, 2-ci yerin qalibləri 1500, 3-cü yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediləcəklər.

 



30.03.2021 | 12:33