II Qarabağ müharibəsində iştirak edən Akademiya məzununa fərqlənmə diplomu təqdim olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının Vətən müharibəsində iştirak etmiş Hüquqşünaslıq ixtisası üzrə məzunu Elvin Qazaxov  Akademiyanı fərqlənmə ilə başa vurub. Fərqlənmə diplomunu ona Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təqdim edib.

 

Elvin Qazaxov 2019/2020-ci tədris ilində Gömrük Akademiyasından məzun olub, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Tərtər, Ağdərə və Kəlbəcər rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. E.Qazaxov II Qarabağ müharibəsi zamanı ağır artilleriya toplarında tuşlayıcı və top komandiri kimi düşmənin canlı qüvvəsinin, bir neçə döyüş texnikasının məhv edilməsində xüsusi fəallıq göstərib. Prezidentin sərəncamına əsasən, Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə"  medalı ilə təltif olunub. Hazırda hərbi xidmətini davam etdirir.

 

E.Qazaxov tələbəlik dövründə elmi, mədəni, ictimai, sosial fəaliyyəti ilə seçilib. Akademiya, ümumrespublika və beynəlxalq səviyyəli elmi, sosial və mədəni tədbirlərdə, müxtəlif  təlim, seminar, konfrans və layihələrdə iştirak edib, könüllülük fəaliyyəti ilə məşğul olub. Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsində və Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində könüllü gömrükçü olaraq fəaliyyət göstərib. 2019-cu ildə Akademiyanın dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş VI  Beynəlxalq  i-Customs  “Beynəlxalq biznes, innovasiyalar və gömrük tənzimləmələri” gənclər konfransında məruzə ilə çıxış edib. Akademiyanın təşkilatçılığı ilə “Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr edilmiş İnsan hüquqları olimpiadasında 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. 2019-cu il iyun ayında Azərbaycanda təşkil edilmiş “WCO IT/TI Conference & Exhibition” beynəlxalq sərgi-konfransında fəaliyyətinə görə Dövlət Gömrük Komitəsi tərəfindən sertifikata layiq görülüb. Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyində Elmi və təşkilati səfərlər üzrə direktor, Avropa Tələbələr Forumunun Azərbaycan nümayəndəliyində Müqavilələr və akademik fəaliyyət üzrə məsul şəxs vəzifələrində çalışıb. “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində Akademiyanı təmsil edən komandanın üzvü olub və sertifikata layiq görülüb. “Model of OİC İnternational Relations Academy” adlı beynəlxalq yarışda komanda kapitanı kimi sertifikatla təltif olunub. İki məqaləsi beynəlxalq jurnallarda dərc olunub.

 

 



30.03.2021 | 15:04