Milli Qəhrəmanın xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyevin xatirəsi onun adını daşıdığı Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə anılıb.

 

Namiq Allahverdiyevin ailə üzvlərinin, Beyləqan Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələrinin, “N” saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Azərbaycan Yazıçılar Birliyinin rayon bölməsinin üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və gül-çiçək dəstələri qoyub, məktəbdə yaradılmış guşədə şəhidin foto və şəxsi əşyaları ilə tanış olublar.

 

Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Namiq Müslüm oğlu Allahverdiyev 1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda anadan olub. 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirib, 1985-ci ildə hərbi xidmətə çağırılıb. 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq Vətənə qayıdıb. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda N.Allahverdiyev könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. İlk döyüşlərə Qubadlı rayonunda başlayan Namiq Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşləri Tərtər rayonu istiqamətində olub. Şıxarx, Həsənqaya, Çaylı və digər kəndlərin erməni qəsbkarlarından azad edilməsində iştirak edib. 1992-ci il iyulun 9-da erməni silahlı bölmələrinin Cəmilli yüksəkliyinə hücumunun qarşısını alarkən həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

 

Azərbaycan Respublikası Prezidentinin  Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Beyləqan rayonundakı 1 nömrəli tam orta məktəb onun adını daşıyır.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon bölməsinin üzvləri Milli Qəhrəmana həsr etdikləri şeirlər söyləyib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.



19.06.2018 | 10:53