Ali təhsil və elm müəssisələrində soyqırıma həsr olunan tədbirlər

Bir sıra ali məktəblərdə və elmi müəssisələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbirləri keçirilib.

 

Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən tədbirdə təhsil ocağının rektoru Azad Novruzov son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlarının da yazıldığını xatırladıb:

 

-  Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

 

Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan oldu.

 

Elmi-praktik konfransda institutun elmi katibi, dosent Qurban Qurbanlının “Azərbaycanlıların mart soyqırımı müstəqil dövlətimizin rəsmi sənədlərində” və təbiət və incəsənət fakültəsinin dekanı,  dosent Rövşən Vəliyevin “1918-ci il soyqırımı və Naxçıvan” mövzularında məruzələri dinlənilib.

 

Sonda soyqırıma həsr edilmiş sənədli filmə baxış olub.

 

                                                              ***

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib.

    

Tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciəti səsləndirilib.

 

F.Bədəlbəyli belə bir konfransın keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavuzkar siyasətin kökü çox qədimlərə gedib çıxır.

 

“Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özününküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər, ona görə ki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək, Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparıblar”-deyə rektor videomüraciətində qeyd edib.

    

Sonra Xor dirijorluq kafedrasının baş müəllimi  Dilarə Quliyevanın rəhbərliyi altında fortepiano fakültəsinin Musiqi müəllimliyi kafedrasının III kurs tələbələrinin ifasında ”Laçın” xalq mahnısının videoroliki nümayiş olunub.

 

BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva  Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı məsələsinin xüsusi aktuallığını bildirib, mövzunun daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini söyləyib.  

 

Daha sonra çıxış edən  BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə ermənilərin mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

 

Konfransda mövzuya dair bir sıra elmi məruzələr də dinlənilib.

 

                                                      ***

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə qurumun direktoru, akademik İradə Hüseynova iki yüz ildən artıq bir müddətdə quldur erməni-daşnak birləşmələri və onların havadarlarının xalqımıza qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində baş verən qətliamlardan, fəlakətlərdən söz açıb. Qeyd edib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırım siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq!

 

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Həmkarlar təşkilatının sədri Həsən Babayev, elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova, dosent Nurməmməd Mustafayev və digərləri soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmağın önəmini qeyd ediblər.

 

Tədbirin sonunda erməni vandalizmini əks etdirən film nümayiş olunub.

 

                                                           ***

Bakı Slavyan Universitetində (BSU) keçirilən elmi konfransda universitetin rektoru, professor Nurlana Əliyeva ermənilərin 1918-ci ilin mart ayında xalqımıza qarşı törətdikləri soyqırımı aktından 103 il ötdüyünü vurğulayaraq, belə  tədbirlərin keçirilməsində əsas məqsədin dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliyinə yönəltmək olduğunu bildirib.

 

Rektor qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında da təkrarlandı:”1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən vəhşilik etdi. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi”.

 

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini qeyd edən N.Əliyevanın sözlərinə görə, fərman aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına geniş imkanlar yaratdı.

 

Universitetin rəhbəri xalqımızın Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində  Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni erməni soyqırımlarına verilən ən layiqli cavab adlandırıb.

 

Sonra universitet alimlərinin mövzu ilə əlaqədar məruzələri dinlənilib.

 

                                                   ***

Bakı Mühəndislik Universitetində təşkil olunan anım tədbirində ali məktəbin  rektoru, professor Havar Məmmədov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı aktı həyata keçirilib və minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib.

       

Həmin dövrdəki hadisələrdən ətraflı bəhs edən rektor vurğulayıb ki, Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba, həmçinin digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik, dini mənsubiyyətinə görə qətl edilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan olunub. Azğınlaşmiş erməni millətçilərinin qeyri-insani əməllərini davam etdirdiyini, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmə həyata keçirdiklərini xatırladan H.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mart hadisələrinə diqqət yetirilib və bu tarix iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Rektor bildirib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb, sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə cəhdlər göstərilib.  Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

     

Son illər bu sahədə çoxlu sayda yeni faktlar və sənədlər toplandığını qeyd edən rektor aparılan tədqiqatlar nəticəsində Quba şəhərində tapılan kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğunun müəyyən edildiyini nəzərə çatdırıb. H.Məmmədov ərazidə Quba Soyqırımı Memorial Kompleksinin yaradıldığını, Prezident İlham Əliyevin mərasimdə iştirak etdiyini vurğulayıb.

     

Çıxışının sonunda rektor gənc nəslin xalqımızın keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmasını, bu hadisələrin baş vermə səbəblərini daha dərindən öyrənməsinin vacibliyini qeyd edib.

    

Sonra Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev 31 mart hadisələri ilə bağlı tarixi faktları əks etdirən məruzə ilə çıxış edib.

 

                                                    ***

 

Lənkəran Dövlət Universitetində  keçirilən tədbirdə  ali məktəbin  rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı bəhs edib.

 

Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 103 illik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə  yaddan çıxmır.  N.İbrahimov 1992-ci ilin 26 fevral Xocalı qətliamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün keçmişin ağır dərslərindən nəticə çıxarmağa, ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri,törətdiyi dəhşətli soyqırımları unutmamağa çağırıb.

 

Universitet rəsmisinin sözlərinə görə,  ötən ilin 27 sentyabrında başlanan , 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı böyük Zəfər təkcə zəbt olunmuş torpaqlarımızın qayıdışı deyil, həm də günahsız şəhidlərin intiqamının alınması idi.

 

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rakif İbadov və həmin kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov məruzələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü ölkə tarixinin ən qanlı səhifəsi adlandırıblar.Məruzəçilər erməni daşnaklarının zaman-zaman xalqımıza qarşı törətdiyi faciələrdən, onların ağrılı nəticələrindən, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı qələbənin bu faciəyə layiqli cavab olduğundan söz açıblar.

 

Tədbirdə 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən də danışılıb. Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, əhalinin mal-mülkü talan edilib.

 

Tədbir iştirakçılarının yekdil rəyi bu olub ki, xalqımızın məruz qaldığı faciələr gənc nəslə tədris edilməli, ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə hüquqi qiymət verilməli, haqq səsimiz bütün dünyaya çatdırılmalıdır.

 

                                      ***

 

Mingəçevir Dövlət Universitetində “31 Mart faciəsi insanlığa qarşı soyqırım cinayətidir” mövzusunda konfrans keçirilib.

 

Ali məktəbin rektoru Şahin Bayramov 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakı, Qarabağ, Şamaxı, Quba və digər bölgələrimizdə baş vermiş erməni terroru və vəhşiliklərindən danışıb.

 

Ölkəmizdə soyqırım qurbanlarının hər zaman dərin hüznlə və ehtiramla yad edildiyini bildirən rektor Allahdan bütün şəhidlərimizə rəhmət diləyib.

 

Sovet dönəmində mart hadisələrinin uzun müddət gizli saxlanılmağa çalışıldığını və bu istiqamətdə araşdırmalara müəyyən qadağaların qoyulduğunu diqqətə çatdıran Ş.Bayramov soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin məlum fərmanı ilə 1998-ci ildən etibarən 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini bildirib.

 

Tariximizin qan yaddaşına yazılmış soyqırım cinayətlərinin heç zaman unudulmayacağını qeyd edən rektor tarixi həqiqətlərin öyrənilməsi, gənc nəsillər arasında təbliğ edilməsi, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib və bununla bağlı MDU-da fərqli formatlarda tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini söyləyib.

 

Konfransda universitet müəllimlərinin mövzuya dair məruzələri dinlənilib, məruzələr ətrafında müzakirələr keçirilib.



31.03.2021 | 16:11