“Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ)  27 Mart-Elm Gününə həsr olunan  silsilə tədbirlər davam edir.

 

İnstitutun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun rəhbəri  Qərib Mürşüdovun “Hesablama və kompüter elmləri metodlarının bioloji elmlərə bəzi tətbiqləri” mövzusunda elmi seminarı keçirilib.

 

Onlayn seminarda MBBİ-nin əməkdaşları ilə yanaşı, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi institutlarının, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun alimləri də iştirak ediblər.

 

Məruzəçi müasir dövrdə hesablama struktur biologiyasının rolu, məqsədi,  tələb olunan resurslar və mövcud məlumat bazaları haqqında geniş məlumat verib.

 

Q. Mürşüdov Azərbaycanda rəhbərlik etdiyi Hesablama struktur biologiyası qrupunun fəaliyyəti, kadr hazırlığı və gələcək planlar  haqqında seminar iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, artıq Azərbaycanda hesablama struktur biologiyası üzrə tədqiqatların bünövrəsi qoyulub:” Hazırda MBBİ-də belə bir qrup mövcuddur və qrupun fəaliyyəti getdikcə genişlənir. İndi vəzifə bu elmin Azərbaycanda inkişafına nail olmaqdır”.

 

Dünya elm şəbəkəsində iştirakın mühüm olduğunu  vurğulayan alim sonda iştirakçıların suallarını cavablandırıb.

 

 



01.04.2021 | 15:20