Məktəbdə səmərəli psixoloji xidmət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibləri müəyyənləşib. “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin yekunu olaraq “Daha yaxşı təhsil üçün psixoloji xidmətlərin təşkili və tərəfdaşlıq” mövzusunda vebinar təşkil edilib. Vebinara təlim iştirakçıları ilə yanaşı müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri, təhsil ekspertləri, ictimai fəallar da qatılıb. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bakıdakı 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Dadaşova “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin məqsədi, layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Daha sonra təlimə qatılan qonaqlar, təlim iştirakçıları layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

 

Qeyd edilib ki, təlimlərə Bakı və Abşeronla yanaşı, Azərbaycanın müxtəlif regionlarından da müəllim, psixoloq və valideynlərin qatılması layihənin daha böyük kütləyə çatması baxımından səmərəli olub.

 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib, həmçinin onlar layihə çərçivəsində çap olunan buklet və kitabçalarla təmin olunublar. Tədbirin sonunda iştirakçılar aktual və vacib mövzunun dəstəkləndiyinə, bu istiqamətdə mütəmadi işlər görüldüyünə, gənc müəllimlərə göstərilən etimada və fəaliyyətlərini stimullaşdırdığına görə Təhsil Nazirliyinə təşəkkürlərini bildiriblər.

 

Samirə DADAŞOVA,

Bakıdakı 108 nömrəli tam orta məktəbin Ana dili və ədəbiyyatı müəllimi

 



02.04.2021 | 14:30