YT Parkında iqtisadçı ekspertlərlə innovativ texnologiyalara dair müzakirələr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) Prezident yanında Ali Attestasiya Komissiyasının iqtisadi elmlər üzrə Ekspert Şurasının üzvü və elmi katibi, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev və iqtisadçı ekspert Leyli Məlikova ilə görüş keçirilib.

 

Əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi, istehsal-sənaye parklarının qlobal sənayenin inkişafında iştirakının iqtisadi əsasları, istehsal sahələrinin yenidən qurulması və innovativ texnologiyaların tətbiqinin iqtisadi təhlili və əsaslandırılması, xaricdən gətirilən xammal məhsulunun təhlili, iqtisadi qiymətləndirilməsi, onların respublikada istehsalının təşkilinin iqtisadi əsaslandırılması istiqamətlərində müzakirələrin aparılması olub.

 

YT Parkın baş direktoru, professor Əbülfəz Babayev qlobal sənayenin rekonstruksiyası ilə məşğul olmaq üçün görülməli işlərdən bəhs edib. O, lokal sənaye parklarının qlobal sənaye strukturunun tərkib hissəsi olaraq fəaliyyət göstərməsinin təmin olunması üçün iqtisadi əsaslarının hazırlanması, perspektivdə onlardan istifadənin iqtisadi təhlilinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, gələcəkdə YT Parkın sənaye imkanlarından bu istiqamətdə istifadə etmək üçün potensial imkanların olduğunu vurğulayıb: “Qlobal sənaye kompleksinin yaradılması üçün Texnoparkın lokal istehsal imkanlarını təmin edən sənaye parklarının iş strukturunun təşkili, rekonstruksiyası və onun vahid sistemin tərkib hissəsinə çevrilməsi ilə ölkə iqtisadiyyatının inkişafına imkan yaradıla bilər”.

 

Neftdən asılılığı azaltmaq, neft-kimya proseslərində neftin xüsusi çəkisini aşağı salmaq üçün qaz-kimya texnologiyasının inkişaf etdirilməsinin zəruriliyi məsələsinə toxunan Ə.Babayev bunun üçün böyük bir istehsal obyektinin formalaşdırılmasına və bir sıra qonşu ölkələrlə birgə konsorsiumun yaradılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb. 

 

Baş direktorun sözlərinə görə, Qaradağ Qaz Emalı Zavodunun yenidən qurulmasına  sənayenin potensial imkanlarından istifadə etməklə və ölkədə fəaliyyət göstərən sənaye parkları vasitəsilə nail olmaq, eyni zamanda, istehsal olunan avadanlıqların xaricdə satışını həyata keçirmək mümkündür.

 

Baş direktor, həmçinin xaricdən gətiriləcək məhsullara qoyulan tələblər, bu məhsulların yerli istehsalının təşkilinin həyata keçirilməsinə nail olunması, gətirilən məhsulları yerli xammala uyğunlaşdıraraq istehsal etmək üçün görülməli olan işlərdən də bəhs edib.

 

Sonra çıxış edən Şəfa Əliyev həyata keçirdikləri layihələrdən danışıb. Ekspert son illər ərzində 11 dövlət strategiyasından 2-sinin icra olunmasında yaxından iştirak etdiklərini və təkliflərin hazırlandığını deyib.

 

O, BMT-nin eksperti kimi Azərbaycanın əksər rayonlarında, eləcə də ölkənin sosial dayanıqlı inkişafının təmin olunması üçün istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə Avropa ölkələrində araşdırmalar apardıqlarını vurğulayıb.

 

Sonda bildirilib ki, Azərbaycanda yeni texnoloji sıçrayışa keçidin təmin olunması üçün dünyada innovasiya sahəsində təcrübə araşdırılmalı, milli innovasiya sistemi haqqında əsasnamə, innovasiya fəaliyyəti haqqında qanun hazırlanmalı, ölkədə mövcud olan innovasiyaları koordinasiya etmək və mövcud vəziyyəti qiymətləndirmək üçün  İnnovasiya Günləri təşkil olunmalı, AMEA institutları tərəfindən innovativ layihələr təqdim edilməlidir.  

 

 

 



05.04.2021 | 17:17