“Xalçaçı” ixtisası üzrə peşə təhsili müəssisələrinin mühəndis pedaqoji və usta heyətinə təlimlər keçirilib

Peşə təhsili müəssisələrində “Xalçaçı” ixtisasını tədris edən mühəndis-pedaqoji və usta heyəti üçün yenilənmiş kurikulum və modul tədris materiallarının tətbiqi üzrə təlimlər təşkil edilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimlərdə 11 peşə təhsili müəssisəsindən 19 nümayəndə iştirak edib. Təlim xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı tələblər nəzərə alınmaqla kiçik qruplar şəklində təşkil olunub. Təlimlərdə səriştə əsaslı təlim, modul yanaşma, peşə standartları, tədris planı və kurikulumun rolu, müasir təlim üsulları, səriştə əsaslı qiymətləndirmə mövzuları barəsində müzakirələr edilib və qrup işləri həyata keçirilib.

     

Qeyd edək ki, sözügedən təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi”  layihəsi çərçivəsində həyata  keçirilib.

 

2019-cu ildən etibarən icra edilən layihə çərçivəsində “Xalçaçı” ixtisası üzrə peşə təhsili müəssisələrinin pedaqoji heyəti və işəgötürənlərdən ibarət  işçi qrup yaradılıb, ixtisas üzrə kurikulum barədə əmək bazarının gözləntiləri müzakirə edilib, peşə təhsil müəssisələrinin müəllim və ustaları üçün kurikulum və tədris vəsaitlərinin hazırlanması üzrə təlimlər keçirilib və bunların nəticəsində işçi qrupun üzvləri tərəfindən kurikulum və 6 təlim modulu ərsəyə gətirilib.

 

 



05.04.2021 | 17:33