Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsində qalib olan şagirdlər mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və dövlət qayğısından danışıb. Bildirib ki, bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi, biliklərini daha da möhkəmləndirməsi üçün lazım olan bütün şərait yüksək səviyyədə təşkil edilib.

 

R.Məmmədov təsviri və dekorativ-tətbiqi sənətin qədim tarixi köklərə və zəngin ənənələrə malik olduğunu vurğulayaraq, belə müsabiqələrin təşkilini istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması baxımından səmərəli qiymətləndirib. Qeyd edib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 512 şagirdin müxtəlif mövzularda - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma  və s. mövzularda 1466 əl işi nümayiş olunub:”Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil. Müsabiqə yaradıcı düşüncəli yeniyetmələrin fəaliyyətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən illərlə müqayisədə müsabiqələrdə şagirdlər daha fəal iştirak edir və bu sənət növlərinə xüsusi maraq göstərilir”.

 

Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.

 

Bildirilib ki, müsabiqədə şagirdlərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilib.

 

Qeyd edək ki, 3 mərhələdə təşkil edilən müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş olunub. Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib.

 

Sonda müsabiqədə yer qazanan 24 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 



08.04.2021 | 14:31