BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov imza atıb.

 

BDU-dan bildirilib ki, rektor E.Babayev universitetlə Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, notariat sahəsində ixtisaslı kadrların ali məktəbin tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələlər barəsində danışıb.

 

Notariat Palatasının sədri H.Məmmədov son dövrlərdə ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb. Xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Palata sədri çıxışında bu istiqamətdə BDU ilə gələcək əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, müqavilə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsini, hüquq fakültəsi tələbələrinin notariat orqanlarında təcrübə keçməsinə şərait yaradılmasını, notarial təcrübənin artırılması ilə bağlı birgə layihələr, konfranslar, simpozium  və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 



09.04.2021 | 15:01