Aprel döyüşlərinə həsr olunan maarifləndirici görüş

Zəngilan rayon ümumi təhsil müəssisələrində Aprel döyüşlərindəki zəfərimizin beşinci ildönümünə həsr olunan maarifləndirici görüşlər keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, keçirilən görüşdə məktəbin şagird, pedaqoji heyəti ilə yanaşı  rayon sakini, Aprel döyüşləri şəhidi Müşfiq Orucovun anası, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Məmmədli və həmin döyüşlərdə qazi olmuş leytenant Müzəffər Bahadırov da iştirak edib.

 

Şəhid anası Aygün müəllim öz oğlu, eləcə də qanını, canını və sağlamlığını vətənə fəda edən hər bir əsgərimizlə fəxr etdiyini bildirib, görüşün təşkilatçılarına təşəkkür edib. Şəhidin atası Arif Orucov isə hərbi rəhbər işlədiyi və  oğlunun təhsil aldığı Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə şagirdlərə  Aprel döyüşləri haqqında geniş məlumat verərək oğlunun keçdiyi həyat yolundan danışıb.

 

Görüşdə Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın işğalçılardan azad edilməsindən və uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışılıb.

 

Tədbirdə qazi, leytenant Müzəffər Bahadırov da Aprel döyüşləri ilə bağlı xatirələrindən, keçdiyi döyüş yolundan, göstərdiyi igidliyindən bəhs edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

Sonda Aprel döyüşlərindəki şəhidlərimizə həsr olunan videoçarxlar nümayiş etdirilib. 

 

Şakir CƏFƏROV

 



09.04.2021 | 16:27