“Diplomat” komandası ölkə çempionatında finala yüksəlib

Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin üstünlük təşkil etdiyi “Diplomat” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzrə ölkə çempionatında finala yüksəlib.

 

NDU-dan bildirilib ki, dahi şair “Nizami Gəncəvi İli”nə həsr edilmiş gənclər arası XIII Azərbaycan çempionatı Bakı şəhərində keçirilib və Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil edilib.

        

Yarışda Naxçıvan Muxtar Respublikasını layiqincə təmsil edən “Diplomat” komandası qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayaraq finala yüksəlib. Mükafatçılar sırasına düşməyi bacaran komanda həlledici mərhələdə də uğurla çıxış edərək aktivinə 4900 xal yazdırıb.

 

Çempionatı  ikinci sırada tamamlayan “Diplomat” komandası Abşeronun “Golden” komandasından geri qalıb.  “Diamond are forever” isə yarışın üçüncüsü olub.

 

Qeyd edək ki, komandanı NDU-nun tələbələri- Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov və Naxçıvan Universiteti idarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə təmsil ediblər.

 

Məlumat üçün onu da bildirək ki, “Diplomat” komandası intellektual yarışda hər zaman muxtar respublikanı uğurla təmsil edib.

 



10.04.2021 | 14:20