ADPU-nun şəhid məzunu doğum günündə ziyarət olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Vətən müharibəsində şəhid olan məzunu Ceyhun  Nüsrətlinin doğum günü münasibəti ilə məzarı ziyarət edilib.

 

Universitetin Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova və Ceyhunun 2016-cı ildə məzun olduğu kimya və biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva şəhidin dəfn olunduğu Beyləqan rayonunda rayon icra hakimiyyətinin nümayəndələri, Ceyhunun təhsil aldığı məktəbin müəllimləri və tələbə yoldaşları ilə birgə şəhidin məzarını ziyarət edərək, ADPU rəhbərliyi adından məzarı üstünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Dosent E. Mehbalıyeva, şəhidin müəllimləri və tələbə yoldaşları Ceyhunun igidliyindən, təhsil aldığı müddətdə ictimai fəallığından söz açıblar.

 

Qeyd edək ki, ailəsi əslən Füzulidən olan C. Nüsrətli 1995-ci ilin aprel ayının 8-də Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə ADPU-nun Kimya müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda Ceyhun da Ağdərə istiqamətində şiddətli döyüşlərə qatılıb. Sentyabrın 29-da ağır döyüşlərdə aldığı mərmi zərbələri nəticəsində şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi şücaətlərə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 



10.04.2021 | 14:02