“Məkan məlumatlarının təhlili” fənni üzrə Azərbaycanda ilk dərs vəsaiti

Avstraliyanın Makkuori Universitetinin ekoloji elmlər fakültəsinin professoru Əliəkbər Rəsuli, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik Qərib Məmmədov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi coğrafiya kafedrasının dosenti Mətanət Əsgərovanın həmmüəllifliyi ilə "Mastering Spatial Data Analysis Inside the GIS Setting (Məkan məlumatlarının təhlili CİS daxilində)" adlı ingilis dilində dərs vəsaiti çap olunub.

 

ADPU-nun Elmi-Metodiki Şurasının ötən ilin sonunda verdiyi qərarla Cografiya müəllimliyi və Tarix və coğrafiya müəllimliyi ixtisaslarının yeni tədris planına salınmış “Məkan məlumatlarının təhlili” fənninin tədrisi üçün dərsliyin nəşri tövsiyə olunub.  Kitab bu fənn üzrə Azərbaycanda ilk dərs vəsaitidir və vəsait Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

 

Təqdim edilmiş dərs vəsaitinin məzmunu CİS üzrə əvvəlki kitablardan müsbət şəkildə fərqlənir.  Dərsliyin əsas məqsədi ali təhsil müəssisələrinin tələbələri və  tədqiqatçılara məkan məlumatlarının təhlili metodlarını mənimsətməklə yanaşı, bu sahədə olan bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı verməkdir. Müəlliflər  konkret coğrafi və ekoloji suallara cavab almaq üçün Azərbaycan Respublikasının məlumat bazası ilə peyk şəkillərinin qarşılıqlı əlaqəsini yaradıblar. Hər biri üç bölmədən  ibarət olan səkkiz dərs tələbələrə tətbiqi biliklərin əldə edilməsi ilə bağlı coğrafi məlumatları və analitik nəticələri vizuallaşdırmaq və araşdırmaq imkanı verir.  Kitabın məzmunu tədqiqatçılara lokalyönümlü vəzifələri kompleks şəkildə həll etməyə, fiziki və insan coğrafiyasında harada nə baş verdiyini daha yaxşı başa düşməyə imkan verir.

 

Bundan əlavə, kitab ESRI ArcGİS proqram təminatı vasitəsilə şəkillərin emalı imkanlarını izah edir. Bu, əsasən peyk təsvirlərinin analizinin müxtəlif aspektləri üzrə tədqiqatçıların konsepsiyasını və bacarıqlarını tamamlaya bilər. Bu məqsədlərə nail olmaq üçün tələbələrdən kompüter və CİS sahəsində bəzi ilkin biliklər tələb olunur. Kitabda qoyulan məsələlər Azərbaycanın coğrafi və ekoloji tematikasına aid proqram və konsepsiyaların geniş spektrini əhatə edir.

 

Dərslikdə Landsat, Sentinel və rəqəmsal relyef modellərinin 2D və 3D təsvirlərinin analiz metodları da verilir.

 

Vəsaitdə standart ARCGIS parametrlərindən fərqli avtomatik qabaqcıl məkan müəyyən etmə əməliyyatları yerinə yetirə bilən "geoprocessing" funksiyaları haqqında geniş məlumatlar çatdırır.

 

Dərslik Azərbaycanın akademik tədris müəssisələrində CİS və şəkillərin emalı, məkan məlumatlarının təhlili sahələrində çalışan kadrlara və mütəxəssislərə böyük fayda verə bilər.

 



12.04.2021 | 11:32