AzMİU-da vaksinasiya prosesi davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil işçilərinin COVID-19 xəstəliyi əleyhinə vaksinləşmə prosesi yaş kateqoriyasına uyğun olaraq mərhələli şəkildə aparılır.  

 

Ali məktəbdən bildirilib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan professor-müəllim heyəti  və universitet əməkdaşları iştirak edib, sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunub.

 

Bu günə qədər universitetdə birinci mərhələdə peyvənd olunanların sayı 248, ikinci mərhələdə isə bu rəqəm 61 nəfər təşkil edib.

 

Peyvənd olunanlar özlərini necə hiss edirlər?

 

Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov özünü çox yaxşı hiss etdiyini deyib. Dekan koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu bildirib. 

 

Elmi-tədqiqat şöbəsinin müdiri, dosent Nərmin Rzayeva da xəstəlikdən qorunmaq üçün peyvənd olunmağın vacibliyini vurğulayıb, ilk vaksini artıq vurdurub. “Vaksinasiya  könüllü prosesdir, lakin COVID-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdır”. Vaksinasiyadan sonra özünü normal hiss etdiyini deyən N.Rzayeva səhhətində hər hansı bir dəyişiklik olmadığını qeyd edib.

 

“Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir!” deyə çağırış edən İnnovativ Biznes İnkubator Mərkəzinin müdiri Nəsibə Əmirbəyova daim tələbələrlə ünsiyyətdə olan universitet heyətinin vaksin olunmasının vacibliyini diqqətə çatdırıb, başqalarını yoluxdurmamaq üçün könüllü şəkildə peyvənd vurdurmağı tövsiyə edib.

 

Qeyd edək ki, təhsil işçilərinin vaksinasiyasını həyata keçirmək üçün Təhsil Nazirliyinin göstərişi ilə paytaxtdakı ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Qeydiyyat yerindən asılı olmayaraq və yaş məhdudiyyəti qoyulmayaraq hər bir təhsil işçisi çalışdığı təhsil müəssisəsinin yerləşdiyi rayonun ərazisində formalaşdırılan tibb məntəqəsində peyvənd oluna bilər.

 



13.04.2021 | 10:14