AzTU-da xarici tələbələrə Xocalı soyqırımı haqqında məlumat verilib

Fevralın 26-da  Azərbaycan Texniki Universitetinin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində universitetdə təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AzTU-nun prorektoru, professor İsa Xəlilov tələbələrə Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı haqqında geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz qalan Xocalı şəhərini yerlə-yeksan ediblər. Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib. Prorektor, həmçinin, Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti və bu siyasətin Azərbaycan əhalisinə qarşı misli görünməmiş vəhşilik və qəddarlıqla müşayiət olunduğundan danışıb.

Sonra müəllimlər və tələbələr çıxış edərək qanlı faciəyə münasibətlərini bildiriblər.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Azərbaycanın Milli Məclisi tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edilib. Xocalı soyqırımı dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.

Toplantıda xarici tələbələrə məlumatlar rus və ingilis dillərində çatdırılıb.

Sonda Xocalı soyqırımını əks etdirən film nümayiş olunub.



27.02.2018 | 12:00