Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi konfransların açılış mərasimi

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib.

 

Mərasimdə BANM-in rektoru Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova, “Baker Hughes” şirkətinin Rusiya və Xəzər regionunda neft yataqları xidmətləri üzrə vitse-prezidenti Tommy Kassem, “Kinetics Technology” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Niccolo Heilpern, bp şirkətinin baş geoloqu Arzu Cavadova, “SOCAR Polymer” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BANM-in məzunu Bəxtiyar Allahverdiyev, “Halliburton” şirkətinin vitse-prezidenti Kolton Tomas çıxış edib.

 

Tədbirdə “Microsoft-Azərbaycan”, “Schneider Electric”, “bp”, “Bahar Energy Operating Company Limited” şirkətlərinin, AMEA-nın İdarəetmə Sistemləri, Aşqarlar Kimyası, Şərqşünaslıq, Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat institutlarının rəhbər şəxsləri, eləcə də Azərbaycan Texniki, Azərbaycan Texnologiya,  Mingəçevir Dövlət universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun rektorları və Fransız-Azərbaycan Universitetinin (UFAZ) icraçı direktoru da iştirak edib. Ümumilikdə, onlayn tədbirə 1000-ə yaxın iştirakçı qoşulub.

 

Qeyd olunub ki, SOCAR strukturuna daxil olan müəssisələrin rəhbərlərinin və media mənsublarının da qatıldığı konfrans öz işini ayrı-ayrı bölmələr üzrə 13-28 aprel tarixləri arasında davam etdirəcək.

 

Rektor E. Qasımov bu konfransın ənənəvi olaraq hər il BANM-də keçirildiyini vurğulayıb və bildirib ki, 9 illik müddəti əhatə edən konfransın keçirilməsinin əsas məqsədi  tələbələrdə elmə, elmi- tədqiqat işlərinə maraq yaratmaq və bu sahədə onlar arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.

 

“Bu konfransların Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunması müasir Azərbaycanın və milli neft strategiyasının banisi olaraq onun şəxsiyyətinə hörmətin təzahürüdür. Artıq iki ildir ki, konfranslar beynəlxalq səviyyədə və onlayn təşkil olunur. Bu kimi konfranslar tələbələrə, gənc tədqiqatçılara bilik və təcrübələrini bölüşmək, tələbələr arasında elmi biliklərin mübadiləsi, o cümlədən tədqiqat nəticələrini ictimaiyyətlə paylaşmaq baxımından geniş imkanlar yaradır” - deyə E.Qasımov əlavə edib.

 

Rektor bildirib ki, Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfransları çərçivəsində ilk konfrans “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda baş tutacaq.

 

Daha sonra “Neft-qaz geologiyası və mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi” konfransları təşkil olunacaq.

 

Konfranslara yerli və xarici təhsil müəssisələrinin tələbə və gənc tədqiqatçılarının 300-ə qədər  tezisi qəbul edilib.

 

Tezislər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və UFAZ-ın, AMEA-nın Neft-Kimya Prosesləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, İdarəetmə Sistemləri institutlarının, eləcə də digər təhsil müəssisələrinin tələbə və tədqiqatçıları tərəfindən təqdim olunub.  

 

Beynəlxalq konfransa, eyni zamanda xarici universitetlərdən də tezislər qəbul edilib.

 

Digər çıxış edənlər konfransın əhəmiyyətini, tələbələrə istər istehsalat təcrübələrində, istərsə də, elmi tədqiqatlarda müəssisə və şirkətlər tərəfindən şərait yaradılmasının vacibliyini vurğulayıblar. Ali təhsil müəssisələrində verilən fundamental biliklərin onların tədqiqatçı kimi yetişməsi üçün baza rolunu oynadığını, təhsil müddətindəki əlavə təcrübə imkanlarının və bu tip konfransların onların püxtələşməsindəki rolundan da bəhs ediblər. 

 

 



13.04.2021 | 15:05