Rektor Vətən müharibəsi qazisi olan məzunla görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ali məktəbin Vətən müharibəsi qazisi olan məzunlarından Elvin Rəsulov və qazinin anası Ramilə Rəsulova ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev və rektor köməkçisi Riyad Rüstəmli də iştirak edib.

 

C.Cəfərov qazinin səhhəti ilə maraqlanıb, anası Ramilə xanıma belə mərd və cəsur övlad yetişdirdiyi üçün minnətdarlığını ifadə edib.

 

“ADPU-nun məzunları hər sahədə olduğu kimi, Vətənin müdafiəsində də müsbət mənada yaddaşlarda qaldılar; dastanlara dönəcək qəhrəmanlıqlar göstərdilər. Çünki müəllim bütün aspektlərdə, ilk olaraq da vətənpərvərlikdə nümunə olmalıdır və Azərbaycan müəllimi bu şərəfli missiyanı uğurla yerinə yetirir. Belə ki, tələbə və məzunlarımızdan 11 nəfəri - yəni 11  müəllim Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə qazimiz var. Biz onların hər biri ilə fəxr edirik. Belə cəsur müəllimlərdən biri də Elvindir. Onun qəhrəmanlığı dildən-dilə gəzir. Şuşada öz şəhid yoldaşının nəşini ərazidən çıxararkən yaxınlığında partlayan minanın təsirindən başından və sol ayağından yaralansa da, şəhid yoldaşını orada qoymayıb, kəndirlə belinə sarıyaraq ərazidən uzaqlaşdırmağa çalışıb”-deyə rektor qeyd edib.

 

C.Cəfərov ADPU-nun hər zaman öz şəhid və qazi məzunlarını diqqətdə saxlayacağını da bildirib.

 

Qazi E.Rəsulov və anası R.Rəsulova göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dünyaya gələn E.Rəsulov ADPU-nun incəsənət və fiziki tərbiyə fakültəsinin 2020-ci il məzunudur. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılan Elvin Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə döyüşüb.

 

 

 



13.04.2021 | 17:20