UFAZ-ın Magistratura proqramlarına qəbul başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Magistratura proqramlarına həsr olunan Virtual Açıq Qapı keçirilib.

 

Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov universitetdə magistratura proqramları, imtahanlar və qeydiyyat prosesi ilə bağlı ətraflı məlumat verib. 2021/2022-ci il üçün UFAZ-a magistratura proqramı üzrə qəbul imtahanının aprelin 22-də keçiriləcəyini bildirib.

 

Magistr proqramları haqqında məlumat verən V.Əskərov qeyd edib ki, 3 ixtisas üzrə 150 dəqiqə müddətində aparılması nəzərdə tutulan imtahanların keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

 

Sonra UFAZ-ın Baş katibi Elizaveta Bydanova UFAZ-ın strukturu, partnyorları və UFAZ-da təhsil haqqında geniş təqdimatla çıxış edib. Magistratura proqramları üzrə sual nümunələrinin UFAZ-ın rəsmi saytında yerləşdirildiyini bildirən E.Bydanova gənclərin universitetə olan maraqlarını yüksək qiymətləndirib və qəbul imtahanında hər kəsə uğurlar arzu edib.

 

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 



14.04.2021 | 10:13