BSU-nun professor-müəllim heyəti vaksinasiya prosesində fəal iştirak edir

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş koronavirus xəstəliyinə qarşı hazırda Azərbaycanda əhalinin peyvənd olunması prosesi çevik və mütəşəkkil şəkildə təşkil edilib. Qeyd edək ki, ölkəmizdə bu il yanvar ayının 18-dən vaksinasiya prosesi başlayıb, təhsil işçiləri isə mart ayının 3-dən bu prosesə qoşulub.

 

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi ali təhsil müəssisəsində fəaliyyət göstərən professor-müəllim və tədris-köməkçi heyətin, eləcə də əməkdaşların peyvənd olunmalarına xüsusi diqqət və qayğı göstərir, bu vacib işi daim diqqət mərkəzində saxlayır.

 

Universitetdən bildirilib ki, ilk növbədə, BSU-nun yaşı 65-dən çox olan professor-müəllim heyəti və əməkdaşları müvafiq tibbi müəssisədə vaksinasiyadan keçib, sonra isə universitetin digər əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. Öz sağlamlıqlarına həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən ali məktəbin professor-müəllim heyəti və əməkdaşlarının yarıdan çoxu artıq peyvənd vurdurub, hazırda da bu proses davam edir.

 

BSU müəllim və əməkdaşlarını təhsil işçilərinin koronavirus pandemiyası əleyhinə vaksinasiyaya daha fəal qoşulmaları üçün Təhsil Nazirliyi tərəfindən keçirilən #TəhsilÜçünVaksinasiya həştəqi kampaniyasına qoşulmağa, peyvənd olunmaları barədə şəxsi sosial hesabları üzərindən göstərilən həştəqi əlavə etməklə, foto və mətn paylaşmaqla bu mühüm kampaniyada fəal olmağa çağırıb.

 

 



14.04.2021 | 15:23