"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat

"Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin  təşkilatçılığı ilə "Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib.

 

Zoom platforması üzərindən təşkil olunan debatda Bakı Slavyan Universitetinin (BSU) Ölkəşünaslıq Klubu İdarə Heyətinin üzvləri, fəal tələbələr və digər ali məktəblərin tələbələri iştirak ediblər.

 

Tədbirin moderatoru, BSU-nun beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi Nizami Xəlil tələbə-gəncləri debatda fəal iştirak etməyə çağırıb.

 

Debatda çıxış edən "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə son vaxtlar ölkəmizdə intihar hallarının artmasının cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildirib və bu mənfi halın qarşısının alınması üçün hamının birgə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

 

Millət vəkili  Vüqar İsgəndərov isə qeyd edib ki, gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir və ardıcıl şəkildə təşkili olduqca vacibdir.

 

Psixoloq Orxan Fərəcli tələbələrin psixoloji problemləri, qarşılaşdığı çətinliklər barədə danışıb və onlara öz tövsiyələrini verib.

 

Debatda maraqlı müzakirələr aparılıb və tələbə-gənclərin sualları cavablandırılıb.

 

Sonda  "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri O.Sultanzadə belə aktual mövzuda maarifləndirici tədbirin keçirilməsinə verilən dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib.

 



14.04.2021 | 17:19