Dama üzrə onlayn respublika turniri keçirilib

12-13 aprel tarixlərində dama üzrə onlayn respublika turniri başa çatıb. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərindən 17-yaşadək 81 oğlan və 30 qız damaçısı olmaqla, ümumilikdə 111 iştirakçının qatıldığı yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla www.playok.com internet portalı üzərindən keçirilib.
 

Yarışın yekun nəticəsinə əsasən, ümumi hesabda “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələri  Sadiq Babayev I yerə, Orxan Məmmədzadə  II yerə, Asif Aşurov III yerə layiq görülüb.
 

Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi ilə təşkil olunan yarışın keçirilməsində məqsəd dahi Azərbaycan şairi  Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli dama üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarət olub.



14.04.2021 | 17:35