NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıq

27-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. 

 

İnstitutdan bildirilib ki, 3 gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

 

İnstitutda  NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işlərinin müzakirəsinə həsr olunmuş növbəti onlayn görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Jacek Gajewski və hər iki tərəfdən əlaqədar əməkdaşlar iştirak ediblər.

 

Görüşdə hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələri müzakirə edilib. Konfransın onlayn açılışı ilə bağlı ssenari, dəvət olunacaq əsas qonaqların və məruzəçilərin ilkin siyahıları dəqiqləşdirilib.

 

Onlayn tədbirdə, həmçinin konfransın veb-saytının ilkin layihəsinə baxılıb, konfransın əsərlərinin NATO-nun “Science Series” rubrikasında çapa hazırlanması üçün redaktorlar qrupunun tərkibi müzakirə edilib. Beynəlxalq tədbirin təşkili üzrə onlayn müzakirələrin intensivləşdirilməsi və texniki dəstək qrupunun ayrıca onlayn görüşlərinin keçirilməsi qərara alınıb.

 

Görüşdə çıxış edən R.Əliquliyev sənaye idarəetmə sistemlərinin ölkənin kritik infrastrukturlarının əsasını təşkil etdiyini nəzərə alaraq, belə sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Akademik ölkənin bu sahə üzrə aparıcı alimlərinin konfransa öz töhfələrini verəcəklərinə əminliyini də ifadə edib.

 



15.04.2021 | 12:20