“Kimyanın müasir problemləri”

Sumqayıt Dövlət Universitetində (SDU ) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan “Kimyanın müasir problemləri” mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirilib.

 

Konfransda ölkəmizdə fəaliyyət göstərən 11 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 institutundan nümayəndələr iştirak ediblər.

 

SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, məqsəd kimya sahəsində son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əlaqələrin inkişaf etdirilməsidir.

 

Professor onu da diqqətə çatdırıb ki, SDU-da  onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlər, konfranslar yüksək şəkildə təşkil olunur və bu proses uğurla davam edir.

 

Sonra AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun Reaktiv və dizel yanacaqları laboratoriyasının dosenti Mütəllim Abbasov “Məktəb kimya kursunun tədrisində distant təlim texnologiyalarından istifadə metodologiyaları”, AMEA-nın Polimer Materialları İnstitutunun Biomimetik polimerlər laboratoriyasının müdiri, dosent Sevil Maşayeva “Smart polimerlərin yeni nümayəndələri”, SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Musa Mustafayev “2-Propenil-5-metilfenolun alınması və katalitik hidrosililləşmə reaksiyasının tədqiqi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magistratura bölməsinin dekan müavini, dosent Mətləb Atayev “Psevdoqaynar layda dənəvər materialların qurudulması prosesinin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.

 

Tədbirdə diqqətə çatdırılıb ki, konfransa 170-dək məqalə və tezis daxil olub, antiplagiat proqramından keçirilərək 110 tezis və məqalə konfransın proqramına daxil edilib.

 

Konfrans öz işini 6 bölmə üzrə iki gün davam etdirəcək.

 



15.04.2021 | 15:31