LDU ilə Kars Kafkas Universiteti arasında onlayn dərslərə start verilib

Lənkəran Dövlət Universiteti (LDU) qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə  təhsil əlaqələrini genişləndirir. Belə universitetlərdən biri də ali məktəbin 2017-ci ildən əməkdaşlıq etdiyi Kars  Kafkas Universitetidir.

 

Bu gün  iki universitet arasında ilk dəfə olaraq onlayn dərslərə start verilib. Dərslərə hər iki ali təhsil ocağından professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr qoşulub.

 

LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov belə dərslərin davamlı olmasının vacibliyini  qeyd edib.

 

Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  professor Hacəli Nəcəfoğlu da çıxışında mövcud pandemiya səbəbindən onlayn keçirilən tədbirin müsbət əhəmiyyətini yüksək qiymətləndirib, bunun tələbələrin hazırlıq səviyyələrinə, elmi və təcrübi biliklərinin, praktik vərdişlərinin yüksəlməsinə xidmət etdiyini bildirib.

 

Kars  Kafkas Universitetinin baytarlıq fakültəsinin professoru İsa Özaydın  fakültənin 3-cü tədris ili tələbələrinə Baytarlıq Cərrahiyəsi-1 fənnindən “Yeni doğulmuş buzovlarda tendon problemi və onların cərrahiyəsi” mövzusunda  geniş məruzə edib. Slaydlarla müşayiət edilən məruzədə elmin son nailiyyətlərinə istinad olunub və bu, iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

LDU-nun tədrisin təşkili və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev, aqrar və mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov, dosent Rəhim Bilalov məruzə ətrafında fikirlərini bildiriblər.

 

Sonda professor İsa Özaydın sualları cavablandırıb.

 



15.04.2021 | 16:23