“Naxçıvan-İslam mədəniyyətinin paytaxtı”

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında “Naxçıvan-İslam mədəniyyətinin paytaxtı” mövzusuna həsr edilmiş “dəyirmi masa” keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, İslam mədəniyyəti nümunələri ilə zəngin olan Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olmasını diqqətə çatdıran rektor  iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in möhtəşəm açılış tədbirindən danışıb.

 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, vaxtilə dağılıb sıradan çıxmış çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bərpa olunaraq əvvəlki görkəminə salınıb, onlara yeni həyat verilib, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb. Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlərin və ziyarətgahların əvvəlki tarixi görkəminə qaytarıldığını deyən AMEA-nın müxbir üzvü vurğulayıb ki, bir sıra kəndlərdə dini ibadətgahlar tikilərək istifadəyə verilib. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib. 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Qeyd olunub ki, Möminə xatın və Gülüstan türbələrinin,  Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə Kompleksinin,Yengicə hamamının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmaqla abidələrdən 70-ə yaxını tarixiliyi saxlanılmaqla bərpa olunub. Şəhərin İslam mədəniyyətinin paytaxtı seçilməsində həm də son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübənin də  müsbət təsirə malik olduğu diqqətə çatdırılıb.

 

Tələbə və müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb, təklif və tövsiyələr dəyərləndirilib.

 

 



21.06.2018 | 18:43