Şanlı qəhrəmanlıq salnaməsi

Tarixin müxtəlif dövrlərində müharibələrə aparan münaqişələr olub və belə münaqişələr indi də dünyanın bir çox yerində mövcuddur. Bu münaqişələr xarakterinə, səbəb və nəticələrinə görə bir-birindən fərqlənir. Erməni və ermənipərəst qüvvələrin etnik münaqişələr adı altında dünyaya tanıtmaq və qəbul etdirmək istədikləri Dağlıq Qarabağ münaqişəsi, əslində, Azərbaycanın tarixi torpaqlarına tuşlanmış əsassız ərazi iddiasından ibarət idi.

 

İki yüz ildən çox bir müddətdə Azərbaycan xal­qı vaxtaşırı erməni şovinist-millətçi ünsürlərin yalanlarla dolu ərazi iddia­la­rını təmin etmək üçün həyata keçirdikləri deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti ilə üzləşmişdir. Münaqişənin obyektinə çevrilmiş torpaqların əsl sahibi olan azərbaycanlılar ermənilərin xain hücumları nəticəsində dəfələrlə öz doğma torpaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər. Onun axırıncı səhifəsi Dağlıq Qarabağla bağlıdır...

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycana qarşı işğalçı müharibə aparıldığını, ədalətsiz olaraq onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən zəbt olunması səbəbindən vətəndaşlarının yurd-yuvalarından didərgin salınmasını təsdiq edən 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələr Azərbaycanın  ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi, münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən əl çəkməsi tələblərini irəli sürsə də, işğalçı  ermənilər tərəfindən yerinə yetirilmədi. Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbindən münaqişə sülh yolu ilə həllini tapmadı, ədalət bərpa edilmədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və 27 il kağız üzərində qalan qətnamələrini Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında güclü yumruq olub birləşən Azərbaycan xalqı, rəşadətli Azərbaycan əsgəri reallaşdırmalı oldu.

 

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrinası, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

 

2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində yenidən atəşkəs pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun uğurlu “Dəmir Yumruq” əməliyyatına başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi, noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.

 

“Böyük Ermənistan” xülyasında boğulan erməni rəhbərləri və erməni silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələri, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələbləri  hər zaman kobud şəkildə pozulmuşdur. Dinc insanların, evlərin, mülki obyektlərin, tibbi personalın ermənilər tərəfindən məqsədli atəşə tutulması onların beynəlxalq hüququn normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarının tələblərinə məhəl qoymadığını, üzərlərinə götürdükləri öhdəlikləri aşkarcasına pozduqlarını və adi humanizm  prinsiplərindən çox uzaq olduqlarını göstərirdi.

 

Cenevrə Konvensiyaları silahlı münaqişələr zamanı və ya fövqəladə hallarda mülki əhali, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara əzab-əziyyət gətirən hücumların edilməsini və ya onların bombardman olunmasını qadağan etmişdir.

 

Lakin göstərilənlərə zidd olaraq II Qarabağ savaşı getdiyi günlərdə də erməni hərbi birləşmələrinin Bərdə və onun kəndlərinə, Tərtərə, Gəncə şəhərinə “Smerç” tipli raket hücumları, böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli raketlərdən ağır artilleriya zərbələrinin endirilməsi nəticəsində qadınlar, uşaqlar daxil olmaqla, 100-dən çox insan öldürülmüş, daha çox sayda dinc əhali xəsarət almış, mülki infrastruktur obyektlərinə, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

 

Döyüş əməliyyatları gedən bölgəyə aidiyyəti olmayan şəhər, qəsəbə və rayonların bombalanması, daha çox itkiyə məruz qoymaq üçün qəsdən artilleriya hücumlarının gecə saatlarında və ya əhalinin sıx toplaşdığı yerləri hədəfə almaqla həyata keçirilməsi Ermənistanın  terrorçu dövlət, onun rəhbərlərinin terrorçu olduğunu, beynəlxalq humanitar hüquqa, onun prinsiplərinə məhəl qoymadığını bir daha sübuta yetirdi. Ərazi iddiaları ilə hamını təngə gətirən, qonşu dövlətlərin yardımları hesabına yaşasa da, onların başının bəlasına çevrilən, “məzlum, incidilmiş xalq”  obrazını daim çox məharətlə ifa edən, siyasi havadarlarının sifarişi ilə oynayan Ermənistanın mənfur faşist xuntasının təcavüzkar, terrorçu siyasəti göz önündədir və bu siyasət regionda sülhə, dinc asayişə qarşı hər zaman ciddi təhlükə olmuşdur.

 

Ermənistan elə bir  riyakar və barbar dövlətdir ki, dünya dövlətlərinə cəbhədə atəşkəsin yaranması çağırışı ilə yalvarışlar edir  və həmin dövlətlərin vasitəçiliyi  ilə atəşkəs elan ediləndən üç dəqiqə sonra dinc insanları, şəhər və qəsəbələri atəşə tutmaqla, bombalamaqla atəşkəsi pozur, öz ikiüzlü xislətini növbəti dəfə nümayiş etdirirdi.

 

Azərbaycan hökuməti, BMT, Avropa İttifaqı dövlətləri, Türkiyə tərəfindən  dinc əhalinin artilleriya hücumlarına məruz qalması sərt formada qınanılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev hücumu müharibə cinayəti adlandırmış, elan edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirmiş və ermənilərə uyğun cavabın veriləcəyini bildirmişdir: - “Biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə... onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik”.

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıyan bir məsələ olduğunu, Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürüldüyünü, qərəzli, saxta məlumatlar dərc edildiyini, ona görə də xarici mediada bizim təbliğatımızın, mövqeyimizin çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını Prezident İlham Əliyev dəfələrə öz çıxışlarında qeyd edirdi. Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı alman müxbirinin Qarabağın nəyə görə xalqımız üçün bu qədər önəmli olduğu sualına Prezident İlham Əliyevin “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır... Qarabağ bizim üçün ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır” cavabı, həmçinin dövlət başçısının digər çıxışları, verdiyi müsahibələr, apardığı dialoqlar onun səmimilik, millilik, vətənpərvərlik, yurdsevərlik, insanpərvərlik kimi ali, humanist keyfiyyətlərə, eyni zamanda yüksək elmi-siyasi intellektə, geniş, hərtərəfli dünyagörüşə, yüksək səviyyədə siyasi dialoq aparmaq bacarığına, ünsiyyət mədəniyyətinə malik olduğunu təsdiq etdi.

 

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan, qan tökülmədən Azərbaycana qaytarıldı.

 

Azərbaycanın güclü lideri, iqtisadi gücü, siyasi müstəqilliyi, xalqın əzmi və iradəsi, xalq-iqtidar birliyi, müasir ordu quruculuğu qələbəni təmin edən mühüm amillərdən oldu. Azərbaycan xalqı zəfər çalaraq şanlı qəhrəmanlıq salnaməsi yazdı...

 

Dilarə Hacıyeva,

Bakı Slavyan Universitetinin dosenti

 



19.04.2021 | 16:11