ADPU tələbələri üçün “Azərkosmos”un fəaliyyəti ilə bağlı vebinar

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) Coğrafiya Klubunun təşkilatçılığı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyəti ilə bağlı vebinar təşkil edilib.

 

Tədbirdə ADPU-nun müəllimləri və bir neçə fakültədən tələbələr iştirak ediblər. Vebinarda “Azərkosmos” ASC-nin aparıcı peyk operatoru Alina Ömərova təqdimat edərək iştirakçılara “Azərkosmos”un fəaliyyəti, “Azerspace” və “Azersky” milli peykləri, “Azərkosmos”un gənclər siyasəti haqqında geniş məlumat verib.

 

İnteraktiv keçən vebinarın ikinci hissəsində tarix və coğrafiya fakültəsinin dekan müavini, Azərbaycan Coğrafiya Cəmiyyətinin ADPU filialının rəhbəri,  dosent  Mətanət Əsgərova universitetin bakalavriat səviyyəsində Coğrafiya müəllimliyi ixtisası tələbələrinin “Geoinformatika” və “Məkan məlumatlarının təhlili” fənlərinin tədrisinə kömək məqsədilə, eyni zamanda ADPU tələbələrinin “Azərkosmos”un layihələrinə qoşula bilməsi üçün vebinarların davamlı təşkili barədə təklif səsləndirib.

 

Müzakirədə universitetlə “Azərkosmos” ASC arasında əlaqələrin genişləndirilməsi, müvafiq ixtisaslarda təhsil alan tələbələrin peyk texnologiyaları ilə bağlı praktik maarifləndirilməsi, tələbələrlə mütəmadi seminarların aparılması məqsədilə qurumlar arasında birgə əməkdaşlıq müqaviləsinin bağlanması təklifi də  irəli sürülüb.

 



19.04.2021 | 18:17