Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri təqdim olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimat mərasimi keçirilib.

 

Mərasimdə Təhsil Nazirliyi, Milli Məclis, Azərbaycan Memarlar İttifaqı və ali təhsil müssisələrindən qonaqlar iştirak ediblər.

     

Layihə barədə ətraflı məlumat verən  universitetin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, memarlıq fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə ərsəyə gələn “Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası layihəsi” üzrə işlər bir il bundan əvvəl başlayıb.

 

“Tələbələrimiz və müəllimlərimiz layihə üzərində işə başlayanda, Şuşa, eləcə də digər rayonlar hələ işğal altında idi. Amma biz inanırdıq ki, tezliklə o torpaqlar öz sahiblərinə qayıdacaq və biz bu layihələri orada gerçəkləşdirəcəyik. Bu gün çox sevinirik ki, arzumuza çatmışıq”-deyən G.Məmmədova layihənin hazırlanmasında əsas məqsədin Şuşa şəhərinin nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, tarixi abidələrin bərpasından ibarət olduğunu vurğulayıb.

 

Rektor işğaldan azad olunan, erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərində tezliklə tələbələrin təqdim etdiyi şəhərsalma strukturuna dair yeni inkişaf layihələri ilə əlverişli, müasir tələblərə uyğun yaşayışın bərpa olunacağına inamını ifadə edib.  

          

Sonra layihə mərasim iştirakçılarına təqdim olunub.

 

Layihədə şəhərsalma strukturunun inkişafı istiqaməti üzrə tələbələrə rəhbərlik edən  universitetin dosenti, Əməkdar memar Yeganə Hacıyeva Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layhəsi barədə danışıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Məlum olub ki, birinci mərhələdə əsasən ictimai, yaşayış və qeyri-yaşayış zonaları, sənaye, istirahət və yaşıllıq əraziləri üzrə işlər görülüb. Sonrakı mərhələdə yeni yaşayış zonaları təklif olunub, şəhərin mövcud ərazisinin 2040-cı ilə qədər yeni sərhədləri ilə bərabər təyini, Şuşa üçün ekoturizm marşrutunun,  ümümi yaşıllıq sahəsinin rekreasiya zonasının yenilənməsi, yeni tikililər üçün ərazilərin ayrılması, küçələrin şəhərətrafı kateqoriyalarının bölünməsi, ayrılması, piyada turist marşrutlarının təyini və s. həyata keçirilib.

          

Memarlıq irsinin bərpası istiqaməti üzrə məlumat verən AzMİU-nun professoru, memarlıq doktoru Səbinə Hacıyeva qeyd edib ki, ümumilikdə Şuşada 165 tarixi abidə var, amma tələbələr təbii ki, onların hamısı deyil, bir qismi üzərində iş aparıblar: “Biz layihəyə başlayanda Şuşa şəhəri işğal altında idi, biz ora gedə bilmirdik. Tələbələr yalnız arxivlərdən əldə etdikləri məlumatlar, eskizlər əsasında işləyiblər. Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s.  kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsi ilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənilib”.

 

Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvan, Üzeyir  Hacıbəyli, Bülbül, Həsən bəy Vəzirov və başqalarının ev muzeyləri, hamam, karvansaray və bulaqların bərpa eskiz layihələrini təqdim ediblər.

          

Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkillərindən- Hicran Hüseynova, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova tələbələrin təşəbbüsünü alqışlayaraq bu layihədə əməyi keçən müəllimlərə də təşəkkür ediblər.

 



21.04.2021 | 17:13