“Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk tədbirini keçirib.  

 

Görüşdə Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu, II Qarabağ müharibəsinin iştirakçıları - “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev,  “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin anası Həmidə Qurbanova iştirak edib.

 

Tədbirdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərliyi ilə akademiyanın əməkdaşları “Azərterminalkompleks” Birliyinin inzibati binasında şəhid-gömrükçü Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün qoyulmuş büstünü ziyarət ediblər.

 

Sonra Qulu Novruzov çıxış edib. “Tarix bir daha göstərdi ki, milli birlik olduqda, xalq yenilməzdir. Xalqın önündə, dövlətin başında güclü və qətiyyətli lider olanda dövlət, xalq, toplum nə qədər güclü olur”-deyə akademiya rəisi Ali Baş Komandan, Prezident  İlham Əliyevin  öz missiyasını böyük məharət və uğurla yerinə yetirdiyini vurğulayıb.

 

Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə canını fəda etmiş hər bir qəhrəmanın əziz olduğunu deyən Q.Novruzov Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının da iştirakını qeyd edib. O, müharibədə şəhid olan Ülvi Hacıyevin hər bir gömrük xidməti əməkdaşı üçün qəhrəmanlıq simvolu olduğunu vurğulayıb, akademiyanın hər bir tələbəsinin Azərbaycan dövləti və xalqının rifahı, inkişafı naminə hər zaman öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

 

İnformasiya müharibəsində media nümayəndələrinin fəaliyyətinə toxunan akademiya rəisi tədbirdə iştirak edən jurnalistlərin hər birinə təşəkkürünü bildirib.  

 

Şəhid Ülvi Hacıyevin anası Həmidə Qurbanova övladının uşaqlıq, məktəb və tələbəlik illərindən danışıb. Onun könüllü olaraq cəbhəyə getdiyini bildirib, körpəlikdən Azərbaycan bayrağına olan sevgisindən söz açıb. Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal sayan Ülvinin itkisinin bir ana kimi ona ağır olduğunu, bununla belə, övladı ilə fəxr etdiyini deyib. H.Qurbanova gənclərə Vətənə məhəbbət, böyüklərə hörmət kimi dəyərləri yaşatmağı tövsiyə edib.

 

Qarabağ qazisi Rey Kərimoğlu II Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin rəşadətindən söz açıb. Keçmiş döyüşçü olaraq əsgərlərin ruh yüksəkliyinin, döyüş hazırlığının artırılması istiqamətində öz döyüşçü yoldaşları ilə gənclərə dəstək verdiklərini deyib. Gənc əsgər və zabitlərin qəhrəmanlığı, mətinliyi və  vətənpərvərliyinə daha yaxından şahidlik etdiyini vurğulayan R.Kərimoğlu  Prezident İlham Əliyevin çıxışlarının hərbi hissələrdəki heyətə xüsusi döyüş ruhu verdiyini qeyd edib. O, gəncləri sosial şəbəkələrdə daha da fəal olmağa, düşmənlə informasiya savaşında iştirak etməyə çağırıb.

 

“Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müharibədən öncə hərbi müxbir kimi fəaliyyət göstərən, öz təkidi ilə döyüşlərə yollanıb, zabit kimi xidmət keçən R.Baxşəliyev böyük Qələbənin qazanılmasında gənc nəslin vətənpərvərliyinin rolunu xüsusi qeyd edib.

 

“İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev deyib ki, gənclər üzərinə düşən tarixi missiyanı yüksək səviyyədə yerinə yetirdilər. O, Gömrük Akademiyası tələbələrinin timsalında gənclərin hər birinin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Müharibə dönəmində qələmi silaha çevirən media nümayəndələrinin informasiya müharibəsində düşməni susdurmalı olduqlarını, bu istiqamətdə gənclərin də üzərinə iş düşdüyünü deyib. 

 

Müharibəyə könüllü yazıldığını bildirən Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu deyib ki, Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması hər zaman  vacibdir, informasiya müharibəsində medianın, həmçinin gənc nəslin də fəaliyyəti mühüm əhəmiyyət daşıyır.   

 

Tədbirdə iştirak edən media nümayəndələri akademiya rəhbərliyinə minnətdarlığını bildirib, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələri yüksək qiymətləndiriblər.

 

 



21.04.2021 | 17:43