Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinarlar təşkil edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Nəbatat Bağı ilə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Nazarbayev Kimya - biologiya təmayüllü intellektual məktəbi" arasında onlayn görüş keçirilib.

 

Tədbirdə Azərbaycanın Qazaxıstandakı Baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov, Mərkəzi Nəbatat Bağının və Nazarbayev məktəbinin rəhbərliyi iştirak edib.

 

E.Məmmədov Qazaxıstandakı məktəbə səfərindən söz açıb, onun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib və əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

 

Nazarbayev məktəbinin direktoru Asel Beysembinova da əməkdaşlığın vacib olduğunu qeyd edərək, beynəlxalq məkana inteqrasiya və mədəniyyətlərarası dialoq məqsədi ilə, həmçinin şagirdlər üçün əlavə təhsil perspektivləri, xalqların mədəni irsi,  tarixi sahəsində layihələrin hazırlanması, onlayn konfrans və müzakirələrin keçirilməsindən danışıb.

 

Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev ətraf mühitin çirklənməsi, yaşıllıqların azalması, dünyada olan ekoloji problemlərin tədricən vüsət almasını bildirərək müasir dövrdə nəbatat bağlarının bu çətinliklərin aradan qaldırılmasında rolunun böyük olduğunu qeyd edib. Həmçinin Mərkəzi Nəbatat Bağında elmi istiqamətlərdə araşdırmalarla yanaşı,  ekoloji maarifləndirmə ideyalarının təbliğinin uğurla davam etməsindən söz açıb.

 

Nazarbayev məktəbinin direktor müavini Gülşan Nusipcanova “Nazarbayev Kimya - biologiya təmayüllü intellektual məktəbin fəaliyyəti və təhsil sistemi”, Mərkəzi Nəbatat Bağının əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarova “Bağın tarixi və fəaliyyəti”, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev isə “Nəbatat bağında maarifləndirmə” adlı təqdimatlarla çıxış ediblər.

 

Aparılan müzakirələrdən sonra Bağın alimlərinin məktəbin şagirdləri üçün vebinarlar təşkil etməsi barədə razılıq əldə olunub.

 

 



22.04.2021 | 14:34